17:10 24-09-2010
news_image
1858
STOLÜSTÜ OYUNLAR

Eyni hesablı qələbələr - YENİLƏNİB

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında bu gün IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, kişi və qadınlardan ibarət Azərbaycan yığmaları artıq öz oyunlarını başa vurublar. Hər iki komandamız turu asan qələbə ilə arxada qoyub.

İlk 3 turdan sonra turnir cədvəlinin 33-cü pilləsində qərarlaşan kişilərdən ibarət yığmamız növbəti qələbəsini Venesuela şahmatçıları üzərində qazanıb – 3,5:0,5. Bu matçadək 54-cü yerdə qərarlaşan cənubi amerikalılar əvvəlki oyunlarda həmyerlilərimiz kimi 2 qələbə qazansalar da (Kamerun 4:0, Qvatemala 3,5:0,5) yığmamız önündə aciz qalıblar.

Millimizin kapitanı Zurab Azmayparaşvili orta reytinqi 2429 olan və bu göstərici ilə olimpiadanın 64-cü komandası olan rəqibə qarşı Teymur Rəcəbovu oynatmayıb. Onun yoxluğunda yalnız Şəhriyar Məmmədyarov büdrəyib. O, birinci lövhədə üçüncü heç-heçəsini edib. Digər şahmatçılarımız qələbə qazanıblar ki, Eltac Səfərli üçün bu, 3-cü qarşılaşmada 3-cü qələbə olub. O, Rusiyada 100 faizlik nəticə göstərən yeganə təmsilçimizdir. Üçüncü qələbəsini qazanan Qədir Hüseynov isə 4 matçda 3,5 xal qazanıb.

Üç oyundan sonra 23-cü pillədə qərarlaşan qadınlardan ibarət yığmamız isə slovakiyalı həmkarlarının gücünü yoxlayıblar. Bu görüşədək turnir cədvəlində 43-cü olan rəqibimizin heyəti kifayət qədər güclü olsa da, onlar Fikrət Sideifzadənin kapitanı olduğu millimizə qarşısında “ağ bayraq qaldırıblar” – 3,5:0,5. Əsas oyunçusu Yeva Repkovaya (2447) istirahət verən slovakiyalıların da yeganə təsəllisi qardaşı Şəhriyar kimi xalı yarı bölən Türkan Məmmədyarova ilə heç-heçə olub. Ondan fərqli, yığmamızın digər üzvləri orta reytinqi 2349 olan və bu göstəricidə yarışın 15-ci komandası olan slovakiyalılara aman verməyiblər. Üçüncü qələbəsini qazanan Zeynəb Məmmədyarova isə Qədir kimi 4 oyunda topladığı xalların sayını 3,5-ə çatdırıb.

IV tur
Kişilər
Venesuela – Azərbaycan - 0,5:3,5


Eduardo İturrizaqa (2609) – Şəhriyar Məmmədyarov (2756) - 0,5:0,5
Yohan Alvares Markes (2414) – Rauf Məmmədov (2660) - 0:1
Oliver Soto Paes (2373) – Qədir Hüseynov (2611) - 0:1
Dumit Semerene (2318) – Eltac Səfərli (2607) - 0:1

Qadınlar
Slovakiya – Azərbaycan - 0,5:3,5


Regina Pokorna (2370) – Zeynəb Məmmədyarova (2234) - 0:1
Yuliya Koçetkova (2327) – Türkan Məmmədyarova (2301) - 0,5:0,5
Alyona Mrvova (2253) – Gülnar Məmmədova (2293) - 0:1
Veronika Maçalova (2229) – Xəyalə İsgəndərova (2172) - 0:1