20:19 03-10-2010
news_image
1406
STOLÜSTÜ OYUNLAR

Azərbaycan yığmaları: İki uğursuzdan biri və Olimpiadanın “möcüzə”si

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub. Apasport.az saytının məlumatına görə, iştirakçıları arasında olan kişilərdən və qadınlardan ibarət Azərbaycan milli komandalarının yarışda göstərdiyi nəticələr fərqli alınıb.

Zurab Azmayparaşvilinin kapitanı olduğu kişilərdən ibarət yığmamız uğursuzluğa düçar olub. Turnirə Vüqar Həşimovsuz yollanan millimiz keçirdiyi 11 görüşdə vur-tut 6 qələbə qazanıb, 3 heç-heçə edib və 2 dəfə şahmat zalını başıaşağı rtərk edib. Bunun nəticəsində 11 xal toplayan Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və Eltac Səfərlidən ibarət “beşlik” 15 xal toplayıb. Əlavə göstəricilərdə isə onlar 333 və 26 xal yığıblar.

Bu isə 149 komanda arasında yalnız 12-ci nəticə olub. Turnirin 7-ci komandası olan və 5 pillə geridə qərarlaşan yığmamız favoritlər arasında olduğunu doğrultmayıb. Onlar orta reytinqə əsasən ilk “10-luq”da qərarlaşan lakin ən güclü 10 komanda sırasına düşməyən iki uğursuzdan biri olub. Digər uğursuz isə 8-ci komanda olmasına baxmayaraq 31-ci olan Bolqarıstan millisi olub.

Kişilər arasında ilk 3 yeri isə Ukrayna, Rusiya-1 və İsrail komandaları tutublar.

Fikrət Sideifzadənin kapitanı olduğu qadınlardan ibarət komandamız isə yarışın möcüzələrindən biri olublar. Zeynəb və Türkan Məmmədyarovalar, Nərgiz Umudova, Gülnarə Məmmədova və Xəyalə İsgəndərovadan ibarət komandamız heç kimin gözləmədiyi halda ilk “10-luğ”a düşüblər. Orta reytinqə əsasən 26-cı olan millimiz 115 komanda arasında 7-ci yeri tutublar. 19 pilləlik irəliləyişə nail olan ən güclü 10 komanda sırasında ən böyük sıçrayışa nail olublar. 8 görüşdə qalib gəlib, yalnız 3 dəfə uduzan şahmatçı xanımlarımız 16 xal toplayıblar. Bu göstəricidə turnirin bürünc mükafatçıları ilə bərabər olan millimiz yalnız əlavə nəticələrə əsasən “altılıq”dan kənar düşüb. Millimizin həmin əlavə göstəriciləri 320 və 28-ə bərabər olub.

Qadınların mübarizəsində Rusiya-1 birinci, Çin ikinci, Gürcüstan isə üçüncü pilləni tutub.