12:23 04-10-2010
news_image
2115
STOLÜSTÜ OYUNLAR

Mahir Məmmədov: Biz dost kimi ayrılacağıq

“Milli komandanın kapitanı Zurab Azmayparaşvilinin postunda qalıb-qalmayacağı müzakirə olunacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov verib.

Xantı-Mansiysk şəhərində başa çatan Ümumdünya Şahmat Olimpiadasının sonuncu turunda Rusiya-3-lə oyundan sonra Azmayparaşvili istefa qərarını açıqlayıb. Lakin onun istefası hələ qəbul edilməyib.

Məmmədov bildirib ki, bu məsələyə yaxın günlərdə aydınlıq gələcək: “Kapitan özü də yığmaya lazımınca rəhbərlik etməməyindən nəticə çıxarıb. Onun bu mötəbər yarışın əvvəlindən sonunacan başı FİDE-nin seçkilərinə qarışdı. Nəticədə hər iki postda uğursuzluqla üzləşdi. O, Beynəlxalq Şahmat Federasiyasında yenidən vitse-prezident seçilə bilmədi və komandamız da 12-ci oldu. Bunun günahını özü də hiss edir. Sadəcə, hələ heç bir ayrılıqdan söhbət gedə bilməz. O istefa bərədə emosional olduğu vaxt açıqlama verib. Bu məsələ ilə bağlı qərar federasiya prezidenti Elman Rüstəmovla müzakirələrdən sonra aydınlaşacaq”.

Məmmədov bildirib ki, əgər istefa qərarı qəbul olunarsa, yeni kapitan seçmək üçün vaxta ehtiyac olacaq. Onlar seçim edərkən təcrübəyə üstünlük verəcəklər: “Federasiya ilə Azmayparaşvili arasında istefa üçün razılıq olsa, biz dost kimi ayrılacağıq. Başqa cür ola da bilməz. Amma belə hadisə baş verərsə, yeni kapitan barədə fikirləşməmişik. Bu posta layiqli mütəxəssis cəlb edəcəyik”.

Qeyd edək ki, Azərbaycan yığması Zurab Azmayparaşvilinin rəhbərliyi altında Avropa çempionu adını qazanıb.

Tahir HÜMMƏTOV