12:55 04-10-2010
news_image
4097
STOLÜSTÜ OYUNLAR

“Ona “afərin” deyirəm” - MÜSAHİBƏ

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən sayca 39-cu Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub. Son Avropa çempionu olan kişilərdən ibarət yığmamızın zəif çıxış etdiyi yarışda qadınlardan ibarət milli komandamız vətənə uğurla qayıdır. Onların Olimpiadadakı çıxışını barədə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov apasport.az saytını suallarını cavablandırıb və bəzi məqamlara aydınlıq gətirib.

- Olimpiadada ümumi reytinqinə görə 7-ci olan kişilərdən ibarət yığmamız 12-ci, 26-cı olan qadınlardan ibarət milli komandamız isə 7-ci oldu. Bunun səbəbini nə ilə izah edərdiniz?
- Əvvəlcə istərdim qadınlardan ibarət komandamızın çıxışına toxunam. Çünki onlar Avropa çempionatından sonra bizi təəccübləndirməkdə davam edirlər. Rəqibə qarşı inamlı mübarizə aparır və sonacan döyüşürlər. Yəni, kim çox çalışırsa, onun da bəxti gətirir. Məsələn, Vyetnamla son görüşdə biz yığmamızdan qələbə gözləmirdik. Ancaq sonda zəhmət və fədakarlıq nəticəsində güclü rəqibi səhvlər etməyə məcbur etməyə sürükləyərək, qalib gəldilər. Nəticədə bürünc mükafatçı ilə eyni xal toplasaq da, əmsallara görə 7-ci olduq. Amma hansısa matçların birində 1:3 deyil, 1,5:2,5 hesabı ilə uduzsaydıq 4 və ya 5-ci pilləni tuta bilərdik.

- Komandamızın heyətində kimi xüsusilə qeyd edərdiniz?
- Zeynəb Məmmədyarova çox gözəl çıxış etdi. Ona “afərin” deyirəm. Məmmədyarova ən güclülərin mübarizə apardığı 1-ci taxtada 2-ci oldu. Əgər əlavə 0,5 xal artıq yığsa idi, birinci pillədə qərarlaşacaqdı. Bu uğur hər zəka sahibinə qismət olmur. Reytinqinə görə Olimpiadanın 26-cı komandası olasan və birinci taxtada ikinci yeri tutasan, bu, qeyri-adi bir nəticədir. Zeynəbin liderliyi ilə, həmçinin komandamız özünü rahat hiss edir, daxili nizam-intizam əladır və ən əsası bir-birlərinə inanırlar. Münasibətləri gözəldir. Amma uğurda bütün komandanın çıxışını yüksək qiymətləndirərdim. Onlar əla çıxış etdilər.

- Bəs kişilərdən ibarət millimiz barədə nə deyə bilərsiniz?
- Komandamız bir az zəif oynadı. Ən əsası isə yığmamızda Bursada keçirilən dünya çempionatı ilə müqayisədə ab-hava gözəl idi və şahmatçılar arasında daxili münasibətdə problemlər hökm sürmürdü. Hər şey ideal idi. Gözlədiyimiz uğuru əldə edə bilməməyimizdə isə 3-cü və 4-cü taxtada çıxış edən zəka sahiblərimizin sabit oyun nümayiş etdirməməsi böyük rol oynadı. Belə ki, Ukrayna ilə oyunda Şəhriyar Məmmədyarov gözəl oynayaraq İvançuku məğlub etsə də, Eltac Səfərli qələbə qazana bilmədi və nəticədə məğlub olduq. Yaxud sonra Rusiya-3-ü udmalı olduğumuz halda, yenə də Eltac uduzdu, Rauf isə üstünlüyünü qoruya bilmədi. Bir sözlə, haradasa bəxtimiz də gətirmədi. Əsas rəqiblərimizdən birinə qalib gəlsəydik və aktivimizə əlavə 1 xal yazdıra bilsəydik, ilk “dördlük”də olardıq.

- Bəlkə yekunun gözlənilməz sonluqla başa çatmasına yığmamızın əsas üzvlərindən olan Vüqar Həşimovun Rusiyaya aparılmaması da öz təsirini göstərib...
- Mən birmənalı olaraq “yox” deyərdim. Yəni, Həşimovun getməməyi nəticəyə heç bir təsir göstərmədi. Çünki komandada daxili münasibətlər və onların ölkə xaricində bir yumruq kimi birləşməyi daha vacibdir. Yəqin ki, Vüqar Həşimov da nə vaxtsa komandaya qayıdacaq. Onu biz uzaqlaşdırmamışıq, özü-özünü yığmadan kənarlaşdırıb. Əgər səhvini başa düşüb, yenidən sıralarımıza qayıtsa və burada əvvəlki münasibətləri yaratsa, yığma bir az da güclü olar.

- Bursada keçirilən dünya çempionatında Vüqar Həşimovun qruplaşma yaratması barədə söz-söhbətlər gəzirdi. Ola bilərmi ki, 12-ci yeri tutmağımızda bu qruplaşmanın da rolu olsun?
- Buna inanmıram. Düzdür, Vüqar dünya reytinqində 17-18-ci yerdədir. Amma Olimpiadada komandanın orta göstəricisi nəticəyə birbaşa təsir göstərmir. Çünki mən orada olarkən hamını bir görməyim ürəyimcə oldu və Rusiyada qruplaşma ilə bağlı bir şey hiss etmədim. Hamı bir-birinə qarşı xoş rəftar göstərirdi. Əlbəttə, Vüqar heyətdə olsa idi, 3-cü lövhə daha güclü olardı.

- Komanda səfərə yollanarkən federasiya prezidenti Elman Rüstəmov mükafatın məbləğini komandaların tutacağı yerdən asılı olacağını bildirmişdi...
- Onu dəqiq deyə bilərəm ki, qadın komandamız yaxşı mükafat qazanacaqlar. Federasiya prezidenti Elman Rüstəmov başda olmaqla və hətta Gənclər və İdman Nazirliyi ilə birgə bunu nəzərə alacağıq. Amma oğlanların çıxışını daha diqqətlə analiz etdikdən sonra bu barədə qərar verəcəyik və hazırda deyə bilmərəm ki, onlar hər hansı mükafata layiq deyillər. Onların potensialları yüksəkdir. Bunun üçün oğlanların mükafatı ilə bağlı dəqiq nəsə demək çətindir. Düzdür, biz 12-ci yerə heç bir mükafat vəd etməmişik və boyun olmamışıq. Amma ola bilsin onlar da diqqətdən yayınmasınlar. Mükafatların məbləği isə Elman müəllim komandalarımızı qəbul etdikdən sonra müəyyənləşəcək.