14:55 04-10-2010
news_image
1112
STOLÜSTÜ OYUNLAR

Yeni yaradılan komandamız ilk iclasını Rusiyada keçirdi

Şahmat üzrə kişilərdən ibarət “SOCAR” komandasının ilk iclası Rusiyada baş tutub. Bu barədə apasport.az saytına məlumatı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, komandanın rəhbəri Mahir Məmmədov verib.

O bildirib ki, Xantı-Mansiysk şəhərində yekunlaşan sayca 39-cu Ümumdünya Şahmat Olimpiadasının istirahət günündə keçirilən görüşdə şahmatçıların son durumları və Avropa çempionatına hazırlıq müzakirə olunub: “Olimpiadaya yollanmağımın əsas səbəblərindən biri də “SOCAR” klubunun orada ilk iclasını aparmaq idi. Oktyabrın 2-də yarışda istirahət günündən yararlanaraq, komanda üzvlərini bir araya gətirdim. Rəhbərlik etdiyim iclasda klubun 8 üzvü - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Aleksandr Qrişuk (Rusiya), Aleksey Şirov (İspaniya), Maksim Vaşyer-Laqrav (Fransa) və Rustam Qasımcanov (Özbəkistan), komandanın kapitanı Vladimir Tukmakov və AŞF-ın vitse-prezidenti Faiq Həsənov iştirak edirdilər. Onlarla qarşıdakı yarışlar barədə müzakirələr apardıq. İnanıram ki, güclü zəka sahiblərindən qurulan “SOCAR” uğurlu çıxışı ilə bizi sevindirəcək”.

Məmmədov komandanın uğurlarına inandığını deyərək, heyətə və kapitana böyük ümidlər bəslədiyini qeyd edib: “Kluba güclü şahmatçıları cəlb etmişik. Onlar hamısı tanınmış zəka sahibləridir. Sevindirici haldır ki, Ukrayna yığmasının kapitanı Tukmakov Olimpiadada komandasını çempion etdi. Bu, “SOCAR”a da rəhbərlik edəcək mütəxəssisin ikinci Olimpiya qızılıdır. O, mənim çoxdan tanıdığım və etibar etdiyim insandır”.

Qeyd edək ki, “SOCAR”ın da mübarizə aparacağı Avropa klub çempionatı oktyabrın 16-24-də Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək. Yarışda 50 kişi və 20 qadın komandasının iştirakı gözlənilir.