12:31 05-10-2010
news_image
1321
DİGƏR NÖVLƏR

Ukraynada qəzaya düşən azərbaycanlı idmançının vəziyyəti ağırdır

Ukraynanın Krım vilayətində avtomobil qəzasına düşən azərbaycanlı idmançı Ceyhun Söhbətovun vəziyyəti ağır olaraq qalır. Apasport.az saytının məlumatına görə, Ceyhun onurğa sütunundan aldığı ciddi zədə nəticəsində ayaqları hissiyyatını itirib və onu başqa yerə aparmağa icazə verilmir. İndi o, Respublika xəstəxanasının neyrocərarhiyyə şöbəsində yerləşir.

Bu haqda mətbuata məlumat verən Krımdakı Azərbaycan icmasının sədri Rəhim Hümbətov Ceyhunun güclü, intensiv müalicə keçdiyini bildirib. Baş neyrocərrah Valeri Kasyanov bildirib ki, bu günlərdə Ukraynadakı həmkarlarının iştirakı ilə konfrans keçəcək və idmançımızın orada müayinə olacağı, tomoqrafik çəkilişlərə baxılacağı mümkündür. Elə də ciddi xəsarət almayan digər idmançılar xəstəxanada yerləşmir. Daha bir ciddi zədələnən isə Tural Qasımovdur. Onun barmağı sınıb, çiynindən zədə alıb. Həkim Turalın əlinə gips qoyub. Hümbətov idmançılarımızın durumu ilə bağlı ilkin informasiyanın dəqiq olmadığına görə təəssüfləndiyini bildirib.

Bu arada Simferopol şəhərində baş verən qəzanın təfərrüatı məlum olub. Yaltaya beynəlxalq turnirə gələn bir qrup idmançı Bakıdan ora birbaşa hava reysi olmadığı üçün ilk olaraq Kiyevə gəlib. Onlar Ukrayna paytaxtında Simferopola qatara bilet ala bilmədikləri üçün avtomobillə yollanmağı qərara alır. Onlar bu məqsədlə “Mersedes” markalı mikroavtobus tutublar. Xəsarət alanların sözlərinə görə, Simferopola 30 kilometr qalarkən “Subaru” avtomobilinin sürücünün maneəsi nəticəsində su arxına düşüb və bir neçə dəfə aşıb. Yağış yağdığı üçün yol sürüşkən olub. Gələn təcili tibbi yardım maşını idmançıları Semaşko adlı Respublika xəstəxanasına çatdırıb.