12:35 05-10-2010
news_image
1320
DÖYÜŞ NÖVLƏRİ

Əli İsmayılov yenidən “ilk onluq”da

Bu gün peşəkar bosçumuz Əli İsmayılov şəxsi məşqçisi Etibar Salehovla birgə mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, Asiya Peşəkar Boks Assosiasiyasının kəməri uğrunda macarıstanlı Jozef Nadla döyüşün yekununa həsr olunmuş konfrasda idmançımız qələbəsinin sirrini açıqlayıb.

İsmayılov bildirib ki, Murmansk şəhərinin Buz İdman Sarayında baş tutan döyüşdə ciddi hazırlıq Macarıstan təmsilçisini asan məğlub etməsi ilə nəticələnib: “Hazırlığın ilk mərhələsinə Azərbaycanda başladıq. Fiziki və texniki məşqlərdən sonra Sankt-Peterburqa yollandıq. Burada 9 sınaq döyüşü keçirdim və hazırlığı başa vurdum. Gərgin məşqlər döyüşdə öz bəhrəsini verdi. 12 raundluq görüşün III hissəsində Jozef Nadı nokdauna saldım”.

Nadla döyüşdə qələbə boksçumuzun dünya reytinqində “ilk onluğa” qayıtması ilə nəticələnib. O bunun üçün WBO kəməri uğrunda mübarizəni davam etdirəcək: “Son döyüşdə uduzduğumdan reytinqdə 12-ci yerə düşmüşdüm. Buna görə Asiya Peşəkar Boks Assosiasiyasının kəməri uğrunda qələbə vacib idi. Sevindirici haldır ki, 26 yaşlı rəqibimə qalib gələrək “onluğa” qayıtdım. Növbəti görüşdə yəqin ki rəqibim almaniyalı Marka Huk olacaq”.

Daha sonra İsmayılovun məşqçisi Etibar Salehov da yetirməsinin macarıstanlı Jozef Nadla görüşdə gözəl çıxış sayəsində qələbə qazandığını bildirdi.

Xatırladaq ki, bu döyüş Əlinin 18-ci sınağı olub. Bundan öncə 3 dəfə məğlub olan peşəkar boksçumuz Nadı məğlub etməklə qələbələrinin sayını 15-ə çatdırıb.