10:04 07-10-2010
news_image

Kifayət Qasımova: Bakıda yalnız çempionluq uğrunda mübarizə aparacağam

“Türkiyədən yeni qayıtmışam. “Qalatasaray” klubunda çıxışım uğurlu oldu. Qələbələr mənə əlavə ruh yüksəkliyi verdi”. Bu sözləri apasport.az saytına açıqlamasında cüdo üzrə yığma komandamızın üzvü Kifayət Qasımova (57 kq) deyib.

Türkiyənin klublararası çempionatında “sarı-qırmızılar”ın heyətində 5 görüş keçirərək hamısında qalib gələn Qasımova Bakıda baş tutacaq qadınlar arasında Dünya kubokunda çempionluq uğrunda mübarizə aparacaq. Cüdoçumuz bildirib ki, 3 gün sonra başlayacaq yarışa hazırdır: “Təlim-məşq toplanışlarındən sonra yaxşı formadayam. Dünya kubokunun Bakıda keçirilməsi qələbə üçün əlavə stimul verir. Doğma divarlar arasında yalnız çempionluq uğrunda mübarizə aparacağam. Təbii ki, burada püşk də mühüm rol oynayacaq. Ancaq rəqibin kimliyindən asılı olmayaraq zala toplaşacaq azarkeşlərə sevinc bəxş etməyə çalışacağam”.

Oktyabrın 9-10-da keçiriləcək Dünya kubokunda hələ ki 14 ölkə iştirakını təsdiqləyib. Rəqiblərin az olması Qasımovanın birinci olmaq şansını artırır. Xanım idmançımızın sözlərinə görə, onun çəkisində qüvvəsini sınayan güclü cüdoçulardan yalnız 2-si paytaxtımıza gələcək: “57 kq çəki dərəcəsində təxminən 20 idmançı ölkəmizə gələcək. Bəzi ölkələr 2 idmançı ilə təmsil olunacaqlarından say çoxdur. Döyüşlər gərgin keçəcək. Amma yarışda əsas rəqiblərim yenə yunanıstanlı və israilli cüdoçulardır. Onları Dünya kubokunun güclülərindən hesab etmək olar. Lakin bunun mənim üçün fərqi yoxdur. London Olimpiadasına yollanmaq üçün bütün yarışlarda maksimum nəticə göstərməyə çalışıram”.

Qeyd edək ki, Dünya kuboku 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterlidir. Yarışın qalibi 100, 2-ci yer 60, 3-cü yerin sahibi isə 40 xal qazanacaq.