20:25 18-10-2010
news_image
2565
STOLÜSTÜ OYUNLAR

SOCAR rəqib tanımır - YENİLƏNİB

Bolqarıstanın Plovdiv şəhərində şahmat üzrə Avropa klub çempionatında II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk turunda Makedoniyanın “Gambit-Asseco-See” komandasına qalib (5,5:0,5) gələn “SOCAR-Azerbaijan” bu dəfə Belçikanın “Eynatten - KSK47” klubunu sınağa çəkib.

Birinci görüşdə Yunanıstan təmsilçisi “Çanion Skakistiki Akademiya” üzərində qələbə (4,5:1,5) qazanan belçikalılar orta reytinqinə görə çempionatının 20-ci komandasıdır.

“Eynatten - KSK47” Belçikanı təmsil etsə də, komandanın heyətini Ukrayna (Dmitri Komarov, 2525), Hollandiya (Martijn Dambaçer, 2476; Robin Svinkels, 2478) və Almaniyanın (Feliks Levin, 2482; Kristian Braun, 2373; Norbert Koenen, 2353; Robert Filipovski, 2257) zəka sahibləri təşkil edirlər. Yalnız yerli şahmatçılarda ehtiyatda Bernd Lu yer alıb ki, onun da reytinq xalı sıfıra bərabərdir.

Komandamızın kapitanı Vladimir Tukmakov “Eynatten - KSK47”ə qarşı fərqli heyət buraxıb. O, ilk turda ehtiyatda saxladığı Teymur Rəcəbov və Aleksey Şirova I və II lövhədə şans verib. Onların əvəzinə makedoniyalılarla oyunda heç-heçə edən Şəhriyar Məmmədyarova və qələbə qazanan Aleksandr Qrişuku istirahətə göndərib. Maraqlıdır ki, rəqib komanda ən reytinqli şahmatçısı - Dmitri Komarova (2525) həmyerlilərimizlə oyunda güvənməyib.

SOCAR ilk görüşdə olduğu kimi, yenə qələbə qazanıb. Komandamızın heyətində Aleksey Şirov, Rüstəm Qasımcanov və Eltac Səfərli rəqiblərini təslim ediblər. Teymur Rəcəbov, Maksim Vaşyer-Laqrav və Rauf Məmmədov isə lövhədən yarım xalla ayrılıblar.


II tur

“EYNATTEN-KSK47” – SOCAR - 1,5:4,5

Martijn Dambaçer (2476) – Teymur Rəcəbov (2748) - 0,5:0,5
Feliks Levin (2482) – Aleksey Şirov (2749) - 0:1
Robin Svinkels (2478) - Maksim Vaşyer-Laqrav (2721) - 0,5:0,5
Kristian Braun (2373) - Rustəm Qasımcanov (2685) - 0:1
Norbert Koenen (2353) - Rauf Məmmədov (2660) - 0,5:0,5
Robert Filipovski (2257) - Eltac Səfərli (2607) - 0:1