15:29 18-10-2010
news_image
1168
DÖYÜŞ NÖVLƏRİ

Mövlud Mirəliyev “100-lük”dən çıxdı

Beynəlxalq Cüdo Federasiyası oktyabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, son açıqlanan siyahılarda olduğu kimi, bu dəfə də cüdoçularımızdan ən yaxşı göstərici Elxan Məmmədova (90 kq) məxsusdur.

Aktivində 756 lisenziya xalı olan həmyerlimiz öz çəkisində 7-ci pillədədir. Ondan əlavə, ilk “20-lik”də təmsilçilərimizdən yalnız Tərlan Kərimov yer alıb. 66 kq çəkili idmançıların mübarizəsində 17-ci olan Kərimov London-2012-yə yollanmaq üçün ehtiyata 324 xal yığıb.

Böyük Britaniyaya lisenziya uğrunda Azərbaycanı təmsil etmək üçün ən ciddi mübarizə 81 kq çəki dərəcəsində gedir. Bu çəkiyə yeni keçən Olimpiya çempionumuz Elnur Məmmədli aydan-aya əsas rəqibi Elxan Rəcəbliyə yaxınlaşır. Son siyahıda onları bir-birindən cəmi 9 pillə ayırır. Müvafiq olaraq, 26-ci yerdə olan Rəcəbli 322, 35-ci pilləni tutan Məmmədli isə 208 xala sahibdir.

100 kq çəki dərəcəsində gənc Elmar Qasımov lisenziya uğrunda mübarizə aparan komanda yoldaşının ilk “100-lüy”ü tərk etməsinə sevinə bilər. Belə ki, Olimpiadanın bürünc mükafatçısı Mövlud Mirəliyev son yarışlarda iştirak etmədiyindən 24 xalla 101-ci pilləyə enib. 220 xala sahib olan Qasımov isə 32-cidir.

Qadınların yarışında Azərbaycanı təmsil edən Kifayət Qasımova (57 kq) Bakıda keçirilən Dünya kubokunda qazandığı bürünc medala görə cəmi 1 pillə irəliləyib. 156 xala malik xanım cüdoçumuz 33-cü yerdə qərar tutub. Dünya çempionatının bürünc mükafatçısı Ramilə Yusubova (63 kq) isə 308 xalla 22-ci yerdədir.