20:50 19-10-2010
news_image
2446
STOLÜSTÜ OYUNLAR

SOCAR-dan çətin qələbə - YENİLƏNİB

Bu gün Bolqarıstanın Plovdiv şəhərində şahmat üzrə Avropa klub çempionatında III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk 2 turunda Makedoniyanın “Gambit-Asseco-See” və Belçikanın “Eynatten - KSK47” klubuna qalib gələn “SOCAR-Azerbaijan” bu dəfə Ukraynanın “A DAN DZO & PGMB – Çerniqov” komandasını məğlub edib.

Təmsilçilərimiz kimi, ilk iki görüşdə qələbə qazanan ukraynalılar orta reytinqinə görə çempionatının 10-cu komandasıdır. “A DAN DZO & PGMB – Çerniqov”un heyətində 4 ölkənin – Gürcüstan (Baadur Jobava, 2710), Ukrayna (Anton Korobov, 2670; Vladimir Baklan, 2621; Yaroslav Jerebux, 2563), Belarus (Sergey Jidalko, 2640; Sergey Azarov, 2596) və Rusiyanın (Aleksandr Lastin, 2616) zəka sahibləri yer alıblar.

Komandamızın kapitanı Vladimir Tukmakov həmyerliləri “A DAN DZO & PGMB – Çerniqov”a qarşı əsas heyəti buraxıb. O, bu dəfə ilk iki turda oynayan Rauf Məmmədov və Eltac Səfərlini ehtiyata göndərib. Bu addım da özünü doğruldub və komandamız güclü rəqibi məğlubiyyətə uğradıb. Şəhriyar Məmmədyarov və Aleksandr Qrişukun qələbələri nəinki Rüstəm Qasımcanovun məğlubiyyətini sığortalayıb, hətta ümumi uğur üçün kifayət edib.

III tur

SOCAR - A DAN DZO & PGMB–ÇERNİQOV - 3,5:2,5


Şəhriyar Məmmədyarov (2756) - Baadur Jobava (2710) - 1:0
Teymur Rəcəbov (2748) – Anton Korobov (2670) - 0,5:0,5
Aleksandr Qrişuk (2760) - Sergey Jidalko (2640) - 1:0
Aleksey Şirov (2749) - Vladimir Baklan (2621) - 0,5:0,5
Maksim Vaşyer-Laqrav (2721) - Sergey Azarov (2596) - 0,5:0,5
Rüstəm Qasımcanov (2685) - Aleksandr Lastin (2616) - 0:1