11:33 19-10-2010
news_image

Boksçularımız Rusiyada 2 qızıl və 2 gümüş medal qazandılar

Rusiyanın Anapa şəhərində boks üzrə gənclər arasında Nikolay Pavlikovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda qüvvəsini sınayan Azərbaycan yığması vətənə 4 medalla qayıdıb.

Belə ki, idmançılarımızdan Rauf Rəhimov (75 kq) və Teymur Məmmədov (91 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Həlledici görüşdə Rəhimova uduzan Saqi Salehli (75 kq) turniri II pillədə başa vurub. Onunla yanaşı, Rəvan Əliyev (69 kq) də final görüşünə kimi uğurla irəliləsə də, son döyüşündə məğlub olduğundan gümüş medalla kifayətlənib.

Qeyd edək ki, 5 ölkənin 75 boksçusunun mübarizə apardığı turnirdə Azərbaycan yığması 2 qızıl və 2 gümüş medalla komanda hesabında Rusiyadan sonra II yeri tutub.