23:31 22-10-2010
news_image
1421
STOLÜSTÜ OYUNLAR

Nə Rəcəbov, nə də Məmmədyarov

2011-ci il yanvarın 14-də Hollandiyanın Veyk-An-Zee şəhərində şahmat üzrə 20-ci kateqoriyalı ənənəvi beynəlxalq turnirə start veriləcək. Apasport.az saytının xəbərinə görə, ötən illərdən fərqli, 14 iti zəka sahibinin iştirakı ilə keçiriləcək növbəti yarışda həmyerlilərimizdən heç kəs qatılmayacaq.

Əvvəllər bəlli turnirdə növbə ilə gah Şəhriyar Məmmədyarov, gah da Teymur Rəcəbov iştirak etmiş, hətta qalib adını da qazanmışdılar. Bu dəfə isə Azərbaycan şahmatçılarından heç birinin həmin turnirdə iştirak etməməsinin səbəbini öyrənmək üçün AŞF-nin vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənovla əlaqə yaratdıq.

Xəbəri təsdiq edən Həsənov bildirdi ki, belə yarışları ayrı-ayrı təşkilatçılar keçirdikləri üçün onlar özləri də istədikləri şahmatçını turnirə dəvət edirlər: "Belə turnirlərin iştirakçılarını təşkilatçıların özləri seçir. Onlar turnirə dəvət edəndə əsasən şahmatçının reytinq göstəricisini, oyun stilini və bu kimi xüsusiyyətləri nəzərə alırlar. Veyk-An-Zee turnirində iştirak edəcək 14 şahmatçıdan 3-ü yerli, qalanı təşkilatçıların istədikləri şahmatçılar olacaq. Şəhriyar Məmmədyarovla (2756 reytinq xalı, 9-cu yer) Teymur Rəcəbovun (2748, 12-ci yer) reytinq göstəricisi onlara Veyk-An-Zeedə iştirak etmək imkanı verir. Çünki həmin turnirin reytinq göstəricisi ən azı 2730 olacaq. Ancaq nədənsə təşkilatçılar onları turnirə dəvət etməyiblər".