09:58 26-10-2010
news_image
1374
DİGƏR NÖVLƏR

“Hələlik 52 yaşlı İradə Aşumovanın səviyyəsinə çatan yoxdur”

“Son zamanlar güllə atıcılığına maraq artıq. Bu səbəbdən baş məşqçi kimi mənim də məsuliyyətim artır”. Bunu apasport.az saytına açıqlamasında güllə atıcılığı üzrə Azərbaycan yığmasının baş məşqçisi İradə Aşumova deyib.

Milli komandada çıxışını həm də idmançı kimi davam etdirən veteran atıcı London-2012-yə hazırlığın yaxşı getdiyini bildirir. Onun sözlərinə görə, növbəti Olimpiadada Azərbaycan yeni rekorda imza ata bilər. Son Olimpiya Oyunlarında yalnız 1 snayperlə təmsil olunan ölkəmiz bu dəfə Böyük Britaniyaya 2 idmançı ilə yollanmaq şansı qazanıb: “Əsas məqsədimiz lisenziyanı tez qazanmaqdır. Ruslan Lunyovla Nigar Bağırovanın London Olimpiadasına getmək şansları yüksəkdir. Arzu edirəm ki, onlar lisenziya qazansınlar. Çünki baş məşqçi və idmançı olmaq bir qədər çətindir. Bu halla dünya çempionatında da rastlaşdım. Hələlik 52 yaşlı İradə Aşumovanın səviyyəsinə çatan yoxdur. Məni keçən yox, bir qədər yaxınlaşan olsa, yəqin ki nəsə fikirləşmək olar. Amma bunu deyəsən bir qədər gözləyəcəyik. Çünki Azərbaycan çempionatında hələ pnevmatik tapançadan atəşaçmada 1-ci mən oldum. 2-ci yerlə fərq isə böyük idi. Hələ mən mübarizə apardığım kiçikçaplı tapançadan atəş açmağı demirəm. Amma çalışıram ki, gənclər və yeniyetmələr mənim yerimi tuta bilsinlər”.

Aşumova lisenziya qazanmaq üçün Beynəlxalq Atıcılıq Federasiyasının təqvimindən də narazıdır. Baş məşqçi bildirib ki, beynəlxalq qurum avropalılara digərləri ilə müqayisədə daha az şans verib və ya əsas lisenziya yarışlarını başqa qitələrə salıb ki, bu da çox uzaqdır: “Bizim lisenziya qazanmaq üçün çox az vaxtımız qalıb. Demək olar ki, Londona yollanmaq üçün Avropa qitəsində kiçikçaplı tapançadan atəşaçma yarışları 2011-ci ilin iyulunda yekunlaşacaq. Düzdür, lisenziya yarışları növbəti ilin sonuna kimi davam edəcək. Amma bunlar əsasən Amerika və Avstraliya qitələrində olacaq. Bu isə bizim üçün çox uzaqdır. Çalışacağıq ki, iyulda Belqradda Avropa çempionatına kimi Dünya kuboklarında və ya analoji yarışda Böyük Britaniyaya “bilet” sifariş edək”.