11:43 26-10-2010
news_image
1989
DİGƏR NÖVLƏR

Türkiyə yığması həbs edildi - FOTO

Türkiyənin yeni yaradılan kerlinq üzrə kişi və qadınlardan ibarət yığmaları qatıldıqları ilk yarışdaca özlərini biabır ediblər. Apasport.az saytının məlumatına görə, Avropa çempionatında iştirak etmək üçün İsveçrəyə yollanan idmançılar zorlamadan tutmuş, qumar oynama, yanğın törətmə və gecələr spirtli içkilər içərək səs-küy saldıqları üçün yerli polis tərəfindən saxlanılıblar.

Belə ki, ölkə xaricində debüt edən “ay-ulduzlular” yarışa 20 gün öncə yollanıblar. Onlar az xərcə düşmək üçün oteldə deyil, kirayə evlərdə qalmağa qərar veriblər və 23 nəfərdən ibarət komanda qrup halında bu evlərdə qalıblar. Avropa çempionatı da daxil olmaqla, 1 aya yaxın İsveçrədə qalan qadınlardan ibarət milli komanda səhərə qədər barlarda əyləniblər. Bundan sonra isə qaldıqları yeri əyləncə məkanına çeviriblər və bununla bağlı şikayətlərə görə polis qarşısında ifadə vermək məcburiyyətində qalıblar.

Kişilərdən ibarət yığma daha böyük qalmaqala imza atıblar. Komanda isveçrəli kiçikyaşlı bir qızı evə dəvət edərək onu zorlayıblar. Bundan əlavə, daima içkili olan idmançılar siqaretlə evi də bilmədən yandırıblar. Lakin onlar son anda bunu söndürməyə nail olsalar da, evin əşyaları yanıb. Nəticədə zorlanan qızın anası, evi kirayə verən şirkət və digər hadisələrlə bağlı şikayətlər edilib.

Qeyd edək ki, federasiya rəsmiləri bu məsələnin araşdırıldıqdan sonra bu açıqlama verəcəklərini bildiriblər.