16:42 28-10-2010
news_image
2152
STOLÜSTÜ OYUNLAR

“Vüqar kömək etsəydi, çempionluq şansımız artardı” - MÜSAHİBƏ

Azərbaycan yığmasının və SOCAR klubunun şahmatçısı Rauf Məmmədovun apasport.az saytına müsahibəsi

- SOCAR Bolqarıstanda keçirilən Avropa çempionatına böyük ümidlərlə yollansa da, medalsız qaldı. Zəif çıxışa nə səbəb oldu?
- Çıxışımızı zəif adlandırmazdım. Debüt ilindəcə 4-cü olmağımız pis nəticə deyil. Amma razıyam ki, bu heyətlə daha yaxşı çıxış edə bilərdik. Xüsusilə, son turlarda itirilən xallar ziyanımıza işlədi. İkinci olmağımız üçün 0,5 xal çatmadı. Bu da bəzi yaxşı vəziyyətlərdə zəka sahiblərimizin yekunda zəif oynaması səbəbindən baş verdi. Onlar əla vəziyyətdə xal itirdilər. Beləcə, yekunda bu xallar 3-4-ə bərabər oldu və mükafat qazana bilmədik. Fikirləşirəm ki, haradasa komamızın bəxti də gətirmədi. Amma gələcəyə ümidlə baxırıq. Bu il artıq geridə qaldı, növbəti yarışda arzumuzu həyata keçirərik.

- Komanda yoldaşlarının xal itkisini necə qarşılayırdınız? Sonda Aleksey Şirovun vacib xal itirməsi də medal qazanmamağınızda mühüm rol oynadı...
- Bəli, hesab edirəm ki Şirov çox zəif oynadı. Bu da onun 5 dəfə dalbadal turnirdə iştirakı ilə bağlıdır. Bolqarıstana yorğun gəlmişdi. Buna görə onu başa düşmək olar. Lakin Şirovla yanaşı, Maksim Vaşyer-Laqrav və Rüstəm Qasımcanov çox pis oynadı. Onların oyunu daha yaxşı ola bilərdi. Bu şahmatçılardan fərqli, Şəhriyar Məmmədyarov yaxşı çıxış etdi. I lövhədə oynamaqla reytinqini qaldırdı. Teymur Rəcəbovun heç-heçələr etməsini isə əsasən qara fiqurlarla oynaması ilə əlaqələndirərdim. Bu zaman uduzmamağa çalışmaq lazımdır. Çünki komanda yarışlarında qara fiqurlarla oynamaq məsuliyyət tələb edir.

- Avropa çempionatında yeni kapitan – Olimpiya çempionu Vladimir Tukmakovun rəhbərliyi altında çıxış etdiniz. Onun oyununuzda nə kimi xeyri oldu?
- Biz məğlub olandan sonra kapitanda heç bir günah görmürəm. O, yarışboyu zəif çıxış etdiyimiz qara fiqurlarla yaxşı oynamağımızı, riskə getməməyimizi məsləhət görürdü. Tukmakov üçün yarışın 7 tur olması da çətinlik törətdi.

- Oynadığınız görüşlərdə uduzmasanız da, Vladimir Tukmakov sizə az şans verdi. Bu digər şahmatçıların güclü olması, yoxsa sizin də yorğun olmağınızla bağlı idi?
- Plovdivdə 3 qarşılaşmada lövhə arxasına keçdim. Onlardan 1-də qələbə qazandım, 2-də 0,5 xalla kifayətləndim. Amma özümdən səviyyəsinə və reytinqə görə aşağı olan rəqiblərlə çətinliklə heç-heçə etməyim yerinə düşmədi. Hesab edirəm ki, daha yaxşı oynaya bilərdim. Yekuna görə özüm nəticəmdən razı qalmadım. Bəlkə də digər görüşlərdə iştirak etsəydim, fərqli oyun göstərə bilərdim. Lakin burada da qalib gəlib və ya uduzacağımı demək çətindir.

- Düşərgəyə yorğun gələn zəka sahiblərinin əvəzinə Azərbaycan şahmatının güclülərindən hesab olunan Vüqar Həşimov SOCAR-ın heyətində yer alsa idi, hansısa dəyişiklik ola bilərdimi?
- Vüqar Həşimov güclü şahmatçıdır, hər komandanı gücləndirə bilər. Onun Olimpiadada bizə böyük köməyi dəyərdi. Şirov, Qasımcanov və digərlərinin yerinə oynasaydı, əla nəticə göstərərdi. Çünki Vüqarı hamımız yaxşı tanıyırıq. Amma biz burada yığma kimi iştirak etmədiyimizdən hesab edirəm ki, SOCAR güclü idi və digər komandalar üçün qorxulu rəqib idi. Reytinqinə görə yarışın birincisi hesab olunurduq. Heyətimizdə güclü şahmatçılar mübarizə aparırdılar. Biz Avropa çempionatında klub kimi yarışdığımız üçün hamının azərbaycanlı olması vacib deyil. Bu bütün idman növlərində belədir. Bundan əlavə, həmin vaxt Vüqar Çində oynayırdı və hazırda da çıxış etdiyindən bəlkə də ona görə komanda ilə razılaşmayıb.

- Həşimovla Azərbaycan Şahmat Federasiyası arasında müəyyən soyuqluq yaranıb. Bəs onun şahmatçılarla münasibətində də bu hal müşahidə olunurmu?
- Xeyr. Bizim Vüqarla münasibətlərimiz çox yaxşıdır. Təəssüf edirəm ki, Olimpiadada iştirak etmədi və güclü şahmatçı kimi onun yeri görünürdü. Vüqar Rusiyada bizə kömək etsəydi, çempionluq şansımız artardı. Onunla komandamız çox güclü olardı və ilk 3 lövhəmiz dünyanın ən dünyanın yaxşılarından olacaqdı. İnşallah, gələn il Vüqar yığmaya qayıdar. Çünki belə şahmatçını biz itirməli deyilik.

- Yığmamızın kapitanı Zurab Azmayparaşvili Olimpiadadan sonra vəzifəsindən istefa verdi. Gedişi rəsmiləşməsə də, qalmağı da inandırıcı görünmür. Ola bilərmi ki, sizi növbəti yarışlara Tukmakov hazırlasın?
- Tukmakovun Azərbaycana gəlməsinə inanmıram. Çünki neçə illərdir Ukrayna yığmasına rəhbərlik edir. Kapitanı seçmək federasiyanın işidir. Amma mənim fikrimə görə, kapitan Tukmakov və Azmayparaşvili kimi güclü şahmatçı olsa yaxşıdır.