13:18 04-11-2010
news_image

Mövlud Mirəliyev yenidən yığmaya qayıtdı

Noyabrın 22-24-də Abu-Dabidə keçiriləcək cüdo üzrə Qran-pri turnirində iştirak edəcək Azərbaycan yığmasının heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, müəyyən fasilədən sonra Afina-2004-ün bürünc mükafatçısı Mövlud Mirəliyev (100 kq) yenidən əsas komandaya qaytarılıb. Onunla yanaşı, yığmamızın baş məşqçisi Ağayar Axundzadə Qran-pridə daha 7 cüdoçuya – Tərlan Kərimov (66 kq), Renat Mirzəyev (73 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Emil Tahirov (+100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovaya (63 kq) şans verəcək.

Bosniya və Herseqovinada 23 yaşa kimi cüdoçuların Avropa çempionatında Azərbaycanı təmsil edəcək idmançıların adları da bəlli olub. Noyabrın 19-21-də baş tutacaq yarışda Fərhad Məmmədovun rəhbərliyi altında tatamiyə İlqar Müşkiyev (60 kq), Orxan Hacıağalı (66 kq), Nadir Babayev (73 kq), Rüstəm Alimli (81 kq), Sain Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) çıxacaqlar.