15:50 05-11-2010
news_image
1728
DİGƏR NÖVLƏR

“Azərbaycana hər səfərimdə inkişafın şahidi oluram” - FOTO

Bakıda keçiriləcək bodibildinq üzrə dünya çempionatına hazırlıqla bağlı bu gün mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Bodibildinq və Fitness Federasiyasının prezidenti Rafael Santoha və Azərbaycan Bodibildinq və Fitness Federasiyasının prezidenti Rauf Bünyətəliyev KİV nümayəndələrinin suallarını cavablandırıblar.

Konfransı giriş sözü ilə açan Bünyətəliyev bildirib ki, mundialla bağlı bütün lazımı tədbirlər yekunlaşıb: “Artıq yarışlara start verilib. Bütün lazımı işlər yekunlaşıb və bu gün saat 18:00-da çəkidən sonra sabah idmançılar podiuma çıxacaqlar. Beynəlxalq qurum rəsmilərinin paytaxtımıza gəlişi dünya çempionatı ilə bərabər, daha bir əlamətdar hadisə ilə yadda qalacaq. Noyabrın 7-də Beynəlxalq Bodibildinq və Fitness Federasiyasına rəhbər şəxslərin seçkisi Bakıda baş tutacaq”.

Daha sonra Bakıya 4-cü dəfə səfər edən Santoha Azərbaycanda idmana göstərilən dövlət qayğısından razılığını bildirib. O, bunun üçün belə mötəbər yarışların Azərbaycana verilməsində problem olmadığını deyib: “Bakıya 4-cü dəfədir gəlirəm. Bunlardan 2-si Avropa çempionatına təsadüf edib. Ölkənizə hər səfərimdə inkişafın şahidi oluram. İstər idman, istərsə də digər sahələrdə hər şey yüksək səviyyədədir. Azərbaycan dövlətinə və Azərbaycan Bodibildinq və Fitness Federasiyasın böyük hörmətim var. Bunun üçün belə bir yarışı ölkənizə etibar etmişik. Hər il idmanın bu növü üzrə 1400 yarış keçirilir. Bunlardan ən vacibi Bakıda baş tutacaq. Burada azarkeşlər dünyanın ən yaxşı bodibildinqçilərini görmək imkanı qazanacaqlar. Dünya çempionatında 180 federasiyadan 63 ölkənin güclüləri mübarizə aparacaqlar”.

Bakıda keçiriləcək seçki konqresində, həmçinin maraqlı məlumatlar da veriləcək. Bunlardan biri bodibildiqçilərin ABŞ-da keçirilən Arnold Şvartsnegger festivalında iştirakı olacaq: “2011-ci ilin martında Şvartsnegger festivalında proyektimiz olacaq. Biz də burada iştirak edəcəyik. Festivalda hər il 44 idman növü üzrə 18 min idmançı qüvvəsini sınayır. Bu məhz bodibildinqin inkişafı ilə əlaqədardır. Bundan əlavə, Beynəlxalq Olimpiya Komitəsinin xətti ilə keçirilən Pan Amerika və Asiya Oyunlarında da iştirak edəcəyik. Artıq 90 Milli Olimpiya Komitəsi bizi rəsmən tanıyır”.

Bünyətəliyev isə bildirib ki, yarışın yüksək səviyyədə təşkil edilməsi üçün bütün lazımı tədbirləri görüblər. Burada idmançılarımızın da qarşısına medal qazanmaq tapşırığı qoyan prezident vurğulayıb ki, bunun üçün ciddi problem də görmür: “Biz dünya çempionatını yüksək səviyyədə təşkil edə bilməsəydik, bu yükün altına girməzdik. Hər şey yüksək səviyyədə olacaq. Mən həm prezident, həm baş məşqçi kimi idmançılarımızın qarşısına da şərt qoymuşam. Fərdi və komanda yarışların ən yüksək nəticəni göstərməliyik. Medal qazanmağa ümidliyik. Düzdür, bu bir qədər çətindir”.

Qeyd edək ki, sabah start götürəcək mundiala noyabrın 7-də yekun vurulacaq.

Tahir HÜMMƏTOV