19:02 08-11-2010
news_image

“O, bu qələbə ilə çoxlarına nəyə qadir olduğunu göstərdi”

“Dünya çempionatı Azərbaycan üçün uğurlu oldu. Bunun əsas səbəblərindən biri hakimlərin görüşü düzgün və qərəzsiz idarə etməsidir”. Bu sözləri apasport.az saytına açıqlamasında sambo üzrə Azərbaycan yığmasının baş məşqçisi Mübariz İbrahimov deyib.

İbrahimov bildirib ki, fəxri kürsünün ən yüksək pilləsində yer alan yetirməsi Elçin Mayılov (52 kq) dünyada hamıdan güclü olduğunu sübut etdiyi üçün xoşbəxtdir: “Elçinin dünya çempionu olması məni çox sevindirdi. Çünki 2008-ci ildə analoji yarışda hakim haqsızlığı ilə üzləşmişdi. Səhvi olmadan mundialdan kənarlaşdırılmışdı. Bu dəfə isə özünü sübut etdi. Bütün görüşlərini gözəl keçirən Elçin bu qələbə ilə çoxlarına nəyə qadir olduğunu göstərdi”.

Digər samboçularımızn da çıxışından razı qalan baş məşqçi yalnız Namiq Sultanovun (68 kq) son 2 saniyədə medalı əlindən verməsinə təəssüflənir: “Bütün samboçularımız ümidləri doğrultdu. 44 ölkə arasında Azərbaycan 4-cü oldu. Bu böyük uğurdur. Düzdür, bəziləri gənc olduğu üçün onların təcrübəsizliyini başa düşmək olar. Lakin medallarımızın sayı daha çox ola bilərdi. Bir müddət öncə cüdonu samboya dəyişən Namiq bürünc medalın bir addımlığında büdrədi. Avqustda Dünya Kubokunda üçüncü olan idmançımız sona 2 saniyəyə qalmış rəqibinə uduzdu. Bütün bunlara baxmayaraq, əsasını gənclər təşkil edən milli komandamızın uğurlu gələcəyinə inanıram”

Xatırladaq ki, dünya çempionatında Elçin Mayılov (52 kq) qızıl, İslam Qasımov (57 kq) gümüş, Elməddin Əhmədov (82 kq) və Elnur Əhmədov (62 kq) isə bürünc medala layiq görülüblər. Bəxtiyar Abbasov (90 kq) isə döyüş sambosunda üçüncü yeri tutub.