00:02 14-11-2010
news_image
2062
DÖYÜŞ NÖVLƏRİ

Azad Əzizov: Ermənilər uduzandan sonra sevinirdilər - MÜSAHİBƏ

PABA kəməri uğrunda erməni əsilli Kaxaber Avetisyana qalib gələn peşəkar boksçu Azad Əzizovun apasport.az saytına müsahibəsi

- PABA kəməri uğrunda Gürcüstanı təmsil edən erməni Kaxaber Avetisyana nokdaunla qalib gəldiniz. Bu görüş barəsində nə deyə bilərsiniz?
- Qələbəmdə əsas rolu hazırlığım oynadı. Həmişə olduğu kimi, görüşə ciddi hazırlaşmışdım. Rəqib asan keçiləsi boksçu deyildi. 22 yaşı olsa da, çox təcrübəli idi. Amma Kaxaberi bütün cəhətlərdə üstələyirdim. Bu səbəbdən döyüş elə uzun çəkmədi və 6-cı raundda qalib gəldim. Artıq IV raunddan sonra döyüşün tez yekunlaşacağına heç bir şübhəm qalmamışdı. V raundda rəqib 2 dəfə yerə yıxıldı. Növbəti hissəyə özündə güclə çıxdı. Bu dəfə də güclü zərbəmdən sonra müqavimətini saxlaya bilmədi və VII raunda görüşü davam etdirməkdən boyun qaçırdı.

- Döyüşdən öncə belə erkən qələbə qazanacağınızı gözləyirdinizmi?
- Sözün düzü, rəqibimi görməmişdim və onun heç bir görüşünü izləməmişdim. Amma döyüş günü Kaxaberi görəndə, fikirləşdim ki, qarşılaşma çox uzanmayacaq. Yəni 5-6-cı raundda ona gücümü göstərə biləcəyəm. Düzdür, çox texnikalı idi. Lakin zərbələrim qarşısında tab gətirə bilmədi.

- Yəqin ki, rəqibin erməni olması da mühüm rol oynayıb...
- Təbii ki. Döyüşə “Sarı gəlin”in sədaları altında çıxanda, bir anlığa fikirləşdim ki, Avetisyanı nəyin bahasına olursa-olsun məğlub etməliyəm. Allaha şükür, arzumu həyata keçirməkdə çətinlik çəkmədim və düşmənə yerini göstərdim. Bu qələbəmdə azərbaycanlı azarkeşlərin də dəstəyi mühüm rol oynadı. Arenaya çoxsaylı həmyerlilərimiz gəlmişdi. Bununla yanaşı, görüşü Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov və onun müavini də izləyirdilər. Onlar döyüşdən sonra məni təbrik etdilər.

- Adətən ermənilər məğlub olduqdan sonra nəsə çaxnaşma salırlar. Almaniyada bu baş vermədi ki?
- Yox, buna haqları çatmadı. Çünki məğlubiyyətləri ilə barışmışdılar. Əksinə, onlar sevinirdilər ki, Avetisyan zərbələrim qarşısında 6 raund tab gətirə bildi.

- Növbəti görüşünüz nə vaxt olacaq?
- Yəqin ki, 15-20 gündən sonra bu məsələyə aydınlıq gələcək.

- Siz İBO İnterkontinental kəməri uğrunda keçirilən döyüşlərdə iştirak edirdiniz. Amma bu dəfə özünü PABA-da sınadınız...
- PABA titulu da nüfuzludur. Burada döyüşməyimdə təkliflər rol oynadı. Dəvət gəldi və bunu müsbət qiymətləndirdim. Bu kəmər uğrunda döyüşüm mütəxəssislər tərəfindən gözəl qarşılandı.

- Peşəkar boksda müxtəlif mükafat fondu olur. Sirr deyilsə, erməni üzərində qələbə sizə nə qədər qazanc gətirdi?
- Bunu açıqlamaq istəmirəm. Hələ ki, vaxtı deyil. İnşallah, milyonlar olanda bu barədə məlumat verəcəyəm. Bu idman növündə iddim böyükdür. Dünya çempionluğu uğrunda mükafat fondu çox olur və bu titulu qazananda rəqəmi açıqlayacağam.

Tahir HÜMMƏTOV