11:06 19-11-2010
news_image
1375
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov: Əlavə 38 tur da oynanılsaydı, I yer üçün yaxşı şansım olardı

“Yarışda 38 görüş keçirdim. Bununla bağlı nəsə demək çətindir. Ancaq bütün iştirakçılar ən yaxşı oyununu göstərmək istəyirdi və bunun üçün hər cür şərait yaradılmışdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri azərbaycanlı qrossmeyster Teymur Rəcəbov deyib.

Blits üzrə dünya çempionatında gümüş mükafata layiq görülən zəka sahibi bildirib ki, yarış 38 deyil, 76 turdan ibarət olsaydı, çempionluq şansı yüksək olardı: “Mundiala məni xüsusi dəvət etdiyi üçün təşkilatçılara təşəkkür edirəm. Yəqin onlar mənim yaxşı blits oynamağımı biliblər və mən də bunu sübut etməyə çalışırdım. Düzdür, dünya çempionatının I günü bilmirdim ki, nə edim. Bizdə “Internet Chess Club” var və biz orada blits oynayırıq. Fikirləşdim ki, orada məşq edim. Daha nə etməli idim ki? Mən nə lider ola bilərəm, nə də ki yüksək yerlərə çıxa bilərəm. Lakin II və III günlər qətiləşdirdim ki, əlavə 38 tur da olsaydı, I yer üçün yaxşı şansım olardı. Bir sözlə, çempionatda gərgin mübarizə var idi. Çox şadam ki, son tura qədər yarışda intriqanı saxlayanlardan biri oldum. Son görüşlərdə artıq lövhəyə bir o qədər də baxmırdım. Sadəcə, Levon Aronyana çatmaq üçün xala-xal irəli gedirdim”.

Rəcəbov Moskvada azarkeş dəstəyindən də məmnun qalıb: “Tamaşaçıların mənə necə azarkeşlik etdiyini görürdüm. Bu, çox xoş idi. Onlar hesab edirdilər ki, hətta bir piyadam əskik olduqda da, mən hər cür top sonluqlarını udacağam. Mən bu dəstəyi hiss edirdim və zövq alırdım. Bunun üçün tamaşaçılara “çox sağ ol” deyirəm. Onlar yarışa gəlirlər və oyunlarımıza baxırlar. Azarkeşlərin oyunlarımıza baxmağı vacibdir. Çünki biz onlar üçün oynayırıq”.