15:56 22-11-2010
news_image

Uğursuz gün və ya Elnur Məmmədli Qran-Priyə niyə aparılmadı?

Cüdo üzrə Abu-Dabidə start götürən Qran-Pri turnirinin ilk günü Azəarbaycan idmançıları üçün uğursuz olub. Apasport.az saytının məlumatına görə, mübarizəyə qoşulan yığmamızın 2 üzvü yarışı vaxtından əvvəl dayandırıb.

Belə ki, ilk döyüşdə əlcəzairli Valid Çellaha qalib gələn Tərlan Kərimov (66 kq) növbəti görüşdə özbək Ulubəy Norkobilova uduzaraq, medal qazanmaq şansını itirib. Onun komanda yoldaşı Kifayət Qasımova (57 kq) da eyni aqibəti yaşayıb. Dünya üçüncüsünün uğur qazanmasına amerikalı Marti Mallou imkan verməyib.

3 gün davam edəcək turnirdə sabah tatamiyə yığmamızın daha 3 üzvü çıxacaq. 73 kq çəki dərəcəsində mübarizə aparan Renat Mirzəyev birinci görüşünü türkiyəli Ömər Yəmənə qarşı keçirəcək.

Azərbaycan yığmasının yarış öncəsi heyti açıqlanarkən 81 kq çəki dərəcəsində Elnur Məmmədlinin adı olsa, o, turnirdə iştirak etməyəcək. Olimpiya çempionumuz xəstələndiyindən məşqçilər korpusu onu səfərə aparmayıblar. Bu çəkidə ölkəmizin idman şərəfini Elxan Rəcəbli qoruyacaq.

Cüdoçumuz növbəti mərhələyə yüksəlmək üçün polşalı Lukas Blaçı mübarizədən kənarlaşdırmalıdır. Noyabrın 23-də qadın idmançılarımızdan Ramilə Yusubova da qüvvəsini sınayacaq. O, Hilde Drexlerlə (Avstriya) münasibətlərinə aydınlıq gətirəcək.

Bir gün sonra Elxan Məmmədov (90 kq) Robbi van Laarhoveni (Hollandiya), Mövlud Mirəliyev (100 kq) isə Balint Farkası (Macarıstan) sınağa çəkəcək.