10:55 25-11-2010
news_image
1522
DİGƏR NÖVLƏR

“Bu, tək “Neftçi”yə yox, bütün komandalara aiddir” – MÜSAHİBƏ

Unibank Premyer Liqasının XIV turunda “Qəbələ” ilə qarşılaşan “Neftçi” heç-heçə oynamaqla, əsas rəqiblərinin ona bir qədər yaxınlaşmasına şans yaratdı. Düzdür, əyalət təmsilçisi ilə matçda üstün tərəf paytaxt futbolçuları idi. Amma rəqibin müdafiəsini yarmaq və qol vurmaq mümkün olmadı. Əksinə bir neçə epizodda lider özü cəzalandırıla bilərdi. Ancaq təcrübəli qolkiper buna imkan vermədi. Son oyunlarda “ağ-qaralar”ın qapısını qoruyan Rauf Mehdiyevlə söhbətə elə də “Qəbələ” ilə oyunla başladıq.

- “Qəbələ” ilə oyundan başlayaq. “Neftçi” niyə qələbə qazana bilmədi?
- Sözün düzü, rəqib haqqında kifayət qədər məlumat toplamışdıq. Onların iştirakı ilə keçirilən oyunun videoyazısına baxmışdıq. Bilirdik ki, “Qəbələ” 7 oyundur qapısından top buraxmır və müdafiədə inamlı çıxış edir. Biz onların bu seriyasına son qoymaq istəyirdik və qələbə qazanacağımıza inanırdıq. Çox çətin oyun oldu. Qol vura bilmədik. Meydançanın ot örtüyü bərbad vəziyyətdə idi. Topu saxlamaq olmurdu. Buna baxmayaraq, onları nə qədər sıxsaq da, “çərçivə”yə yol tapa bilmədik.

- Oyundan sonra Arif Əsədov da meydançanın vəziyyətindən şikayətləndi. Rəqib komanda meydanla bağlı narazılığını bildirsəydi, bu, başa düşülən olardı. Ancaq cari mövsümün əvvəlindən ev oyunlarını bu stadionda keçirən “Neftçi”nin meydandan şikayətlənməsi nə dərəcədə düzgündür?
- Stadion bizim üçün tanışdır. Ancaq qazonun vəziyyəti çox bərbaddır. Bu gün Premyer Liqada çıxış edən klublardan üçü ev oyunlarını adıçəkilən məkanda keçirirlər. Təbii ki, belə olan halda meydanın vəziyyəti ürəkaçan olmayacaq. Üstəlik, oyundan əvvəl komandalar məşqlərini də həmin stadionda keçirirlər. Ona görə də meydanın vəziyyəti çox pis idi. Stadion işçiləri heç oranı düzəltməyə vaxt da tapa bilmirlər. Çempionat davam edir və 3 komanda orada oynayır.

- İstənilən halda, “Neftçi” oyunun favoriti hesab edilirdi. Ölkənin ən güclü hücum xəttinə malik olan komandanızın qol vuracağına heç kim şübhə etmirdi...
- Xüsusilə də ikinci hissədə onları qapılarına sıxmışdıq. 90+4-cü dəqiqədə də olsa, qol vuracağımıza inanırdım. Təəssüflər olsun ki, məqsədimizə çata bilmədik və “Qəbələ” 1 xal qazandı. Əslində, onlar Bakıya bunun üçün gəlmişdilər və istədiklərini əldə etdilər. Heyətə diqqət yetirsək, hamısı müdafiəyə meylli idilər. Heç hücumçuları da yox idi. Komanda meydana müdafiəyə meylli taktika ilə çıxmışdı.

- “Neftçi”nin xal itirdiyi turda əsas rəqibləri qələbə qazandılar və fərqi azaltdılar. Bu durum, futbolçularda hardasa psixoloji gərginlik yaradırmı?
- Biz iki xal itirdik. Buna baxmayaraq, zirvədəki yerimizi qoruduq. Çətin oyunlar qarşıdakı turlardadır. Bu tək “Neftçi”yə yox, bütün komandalara aiddir. İstənilən halda, özümüzü fikirləşməliyik. “Qəbələ”ni udmalı, xal fərqini qorumalı idik.

- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Hazırda məğlubiyyətləri sıralamasına baxmayaraq, Ağdam təmsilçisi çempionatın güclü komandalarındandır. Bu oyundan nə gözləyirsən?
- “Qarabağ” əla komandadır. Onlar nəyə qadir olduqlarını avrokuboklarda göstərdilər. Bizi çox çətin oyun gözləyir. Ümumiyyətlə, istənilən komanda bizə qarşı iki qat güclə çıxış edir, yaxşı motivasiya olur. Buna görə də, maraqlı oyun olacağını düşünürəm. Təbii ki, bizim yeganə məqsədimiz qələbə qazanmaqdır.

- Turnir cədvəlinə nəzər yetirdikdə, hansı komandaların ilk “altılıq” şansını yüksək qiymətləndirirsən?
- İndidən bunu söyləmək erkəndir. Əgər mövsümə heç də yaxşı başlamayan, amma son oyunlarda qələbələri sıralayan “Bakı” ilk “altılıq”da yer alıbsa, sabah “Qəbələ”ni də bu sırada görmək mümkündür. Mübarizə gedir. Kənardan baxıb, hansısa fikir yürütmək çətindir. Həm də gözlənilməz nəticələr də qeydə alınır. Məsələn, AZAL-ın MOİK-lə oyunda heç-heçə edəcəyini heç kim gözləmirdi. Ona görə də, hər şey dəyişə bilər.

- Oyunları izləyirsiniz. Hansı komandanı gücünə və oyun dəst-xəttinə görə fərqləndirə bilərsən?
- Bütün komandalarla qarşılaşmışıq. “Muğan”la oyunda böyükhesablı qələbə qazansaq da, çətin, maraqlı matç oldu. “Gəncə” də mübarizə aparan komandadır. Yəni bu gün açıq-aşkar zəif komanda yoxdur. Hamı mübarizə aparır, xal qazanmağa çalışır. Əvvəllər hansısa oyuna çıxanda rəqibin zəif və ya güclü olduğunu bilirdin. Ancaq indi bu bölgü yoxdur. Rəqiblərə bu məqsədlə yanaşsan dərhal cəzalandırarlar.

- “Neftçi”də əsas heyətə düşmək üçün Paulius Qribauskasla rəqabət aparırsınız. Əsas heyətə düşmək baxımından hansınızı daha şanslı saymaq olar?
- Nə deyim, biz rəqabət aparırıq. Kim güclüdürsə, qapıda o dayanacaq. Elə olur qapıda Qribauskas dayanır, şans veriləndə isə mən dururam. Yəni bununla bağlı son qərarı baş məşqçi verir.

- Hazırkı durumundan məmnunsanmı?
- Narazılığım yoxdur. “Neftçi” uşaqlıqdan formasını geyinməyi arzuladığım komandadır. İşlər hələ ki qaydasında gedir.

Mənbə: “Futbol dünyası” qəzeti