00:13 02-12-2010
news_image
1480
DÖYÜŞ NÖVLƏRİ

“İli yüksək notlarla başa vurmalıyam” - MÜSAHİBƏ

Peşəkar boksçumuz Əli İsmayılovu qarşıda daha bir döyüş gözləyir. Boks həvəskarlarının "bürünc Əli" kimi tanıdığı boksçu dekabrın 18-də Almaniyanın paytaxtı Berlində yenidən rinqə çıxacaq. Həmyerlimiz həmin gün kubalı dəri əlcək ustası Xuan Ernandesə qarşı PABA versiyası üzrə kəmərin müdafiəsi uğrunda hərəsi 3 dəqiqə olmaqla 12 raundluq döyüş keçirəcək.

Xatırladaq ki, Əli bu kəməri 3 ay öncə Murmanskda macarıstanlı boksçu Cozef Haqiyə qarşı keçirdiyi döyüşdə qazanıb. Bu dəfə isə o, kəməri müdafiə etməyə çalışacaq. 36 yaşlı boksçumuz indiyədək peşəkar rinqdə 23 döyüş keçirib ki, onlardan da yalnız 3-də məğlubiyyətlə üzləşib. Qalan döyüşləri isə 15-i nokaut olmaqla qələbə ilə bitirib. Əlidən 10 yaş balaca olan kubalı rəqibi isə bu qəbildən olan 22 döyüşün iştirakçısı olub. Cəmi 2 dəfə məğlubiyyətlə üzləşən Xuan Ernandes qələbə ilə başa vurduğu 20 döyüşün ancaq 7-də rəqibini nokauta sala bilib.

Qarşıdakı döyüşə hazırlığı ilə bağlı açıqlama verən Əli üç ay öncə qazandığı kəməri layiqincə müdafiə edəcəyinə və özünün də doğulduğu pələng ilini yüksək notlarla başa vuracağına inandığını bildirdi.

- Həmişə olduğu kimi, budəfəki döyüşümə də hazırlıq prosesini iki mərhələli etmişəm. Artıq fiziki hazırlıq mərhələsi olan birinci hissəni başa vurmuşam və məşqçi Etibar Salahovun rəhbərliyi altında "Sərhədçi" Olimpiya İdman Mərkəzində taktiki-texniki hazırlıqlara başlamışam. Burada əsasən sparrinqlər keçirirəm, "armudlarla" və eləcə də "lapalarla" məşqləri davam etdirirəm.

- Sparrinqləri kimlərlə keçirirsən?
- Bildiyiniz kimi, AİBA yeni turnir - Dünya üzrə Boks Seriyası təşkil edib. Həmin turnirdə bizim "Baku Fires" klubu da iştirak edir. Bu yarış həvəskarlar arasında olsa da, bir növ peşəkar qaydalar üzrə keçirilir. "Baku Fires"in uşaqları hazırda "Sərhədçi"də məşq edir, növbəti döyüşə hazırlaşırlar. Mən də onlarla birlikdə məşqlərimi davam etdirirəm. Komandanın heyətində yaxşı uşaqlar çoxdu. Belə baxanda həm onları öyrədirəm, həm də onlardan öyrənirəm. Fərq orasındadı ki, bu seriyada döyüşlər peşəkarlarda olduğu kimi, 12 deyil, 5 raunddan ibarətdi.

- Hazırlığın ikinci mərhələsi nə qədər davam edəcək?
- Allah qoysa, məşqləri dekabrın 15-də yekunlaşdırıb elə həmin gün də Almaniyaya yola düşəcəm.

- Bu döyüşdən də qalib çıxacağına əminsənmi?
- Mən ancaq qələbə dalınca gedirəm. İnanıram ki, uğrunda döyüşəcəyim kəməri mütləq müdafiə edə biləcəm.

- Səhv etmirəmsə, sən həm də VBO-Latino versiyası üzrə də çempionluq kəmərinin sahibisən. Bu kəmər uğrunda görüşlərin olmayacaq ki?
- Bu kəməri artıq 3 dəfə müdafiə etdiyim üçün kəmər birdəfəlik mənim olub. Əgər PABA versiyası üzrə kəməri də daha üç dəfə müdafiə edə bilsəm, o birdəfəlik mənim olacaq. Demişdim ki, bu il mənim ilimdi. Ona görə də keçirdiyim döyüşləri mütləq udmalıyam. Allahın köməyi ilə belə də oldu. Məhz bu il PABA versiyası üzrə çempionluq kəmərinə sahib oldum. İndi isə bu kəməri müdafiə edib ili yüksək notlarla başa vurmalıyam.
Mənbə: “Ekspressfutbol” qəzeti