14:56 07-12-2010
news_image

“Həyata keçməyən bir arzum qalıb” – FOTO

“Həyata keçməyən bir arzum qalıb. Kolleksiyamda yalnız bir yarışın medalı çatmır. Onun reallaşması üçün səylə çalışıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri cüdo üzrə Portuqaliya yığmasının lideri Telma Monteyro deyib.

3 dəfə Avropa çempionatının qızıl və 2 dəfə bürünc mükafatçısı olan xanım idmançı kolleksiyasını Olimpiya medalı ilə zənginləşdirmək arzusundadır. 57 kq çəki dərəcəsində milli komandamızın üzvü Kifayət Qasımovanın əsas rəqibi Monteyro lisenziya xalının təmin etsə də, London-2012-yə qədər iştirak edəcəyi yarışlarda yalnız çempionuq üçün mübarizə aparacağını açıqlayıb.

O, yanvarın 15-16-da Bakıda usta cüdoçular arasında keçiriləcək turnirdə də dünyanın ən güclüsü adını qazanmaq üçün tatamiyə çıxacaq: “Demək olar ki, lisenziya xalım Olimpiadaya yollanmaq üçün kifayət edəcək. 1342 xalla Beynəlxalq Cüdo Federasiyasının reytinqində II yerdəyəm. Buna baxmayaraq, Azərbaycanda hər çəkidə dünyanın 16 ən güclüsü arasında təşkil ediləcək döyüşlərdə də özümü sübut etmək istəyirəm. Olimpiadaya yüksək əhval-ruhiyyədə yollanacağıma inanıram. Fikrimcə, Bakıda əsas rəqibim də reytinqdə məndən öndə olan yapon idmançısı olacaq”.

Portuqaliyalı cüdoçu həmyerlimiz Kifayət Qasımovanı reytinqdə 29 pillə qabaqlayır. O, həmçinin təmsilçimizdən 1146 lisenziya xalı çox toplayıb.

Pekin-2008-dən sonra çəkisini dəyişən (öncə 52 kq-da yarışıb) 25 yaşılı Telma 2009-cu ildə Rotterdamda keçirilən dünya çempionatının yarımfinalında Qasımova ilə qarşılaşıb və qələbə qazanıb. Portuqaliyalı növbəti mərhələdə məğlubiyyət acısı yaşasa da, Kifayət 3-cü yer uğrunda görüşdə qalib gələrək bürünc medala sahib olub.

Qeyd edək ki, Bakıda keçiriləcək yarışın qalibi 300 xala sahib olacaq.