14:17 08-12-2010
news_image

“Baku Fires” heyətini açıqladı

WSB liqasında mübarizə aparan “Baku Fires” növbəti görüşünü dekabrın 11-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirəcək. Azərbaycan Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, idmançılarımızın bu dəfə rəqibi Cənubi Koreyanın “İncheon Red Wings” klubu olacaq.

Qaydalara uyğun olaraq, çəki prosesinə 3 gün qalmış hər iki komanda heyətini açıqlayıb. Döyüşdə “Baku Fires”in şərəfini Məhəmməd Abdulhəmidov (54 kq), Romal Amanov (61 kq), Soltan Migitinov (73 kq), Ramazan Maqomedov (85 kq) və Beka Lobjanidze (+91 kq) qoruyacaqlar. Rəqib isə Ju Seonq Kim (54 kq), Bahadırjon Sultonov (61 kq), Viktor Kontijuanski (73 kq), Reece Papuni (85 kq) və Mixail Muntiana (+91 kq) güvənəcək.

Koreya komandasının heyətində yer alan boksçulardan – Bahadırjon Sultonov (Özbəkistan), Viktor Kontijuanski (Moldova), Reece Papuni (Yeni Zenlandiya) və Mixail Muntian (Moldova) legionerlərdir. Özbəkistanlı Sultonov 2007-ci ildə Milanda keçirilən dünya çempionatının bürünc mükafatçısı olub.

Xatırladaq ki, “Baku Fires” WSB liqasında keçirdiyi hər iki görüşdə qələbə qazanıb. Komandamız əvvəlcə Bakıda Pekin boksçularını 5-0, daha sonra isə səfərdə “Astana Arlans”ı 4:1 hesabı ilə məğlub edib. İnçeon şəhərinin komandası isə hər iki görüşdə rəqiblərinə uduzub. Qaydalara uyğun olaraq, döyüşdən bir gün öncə hər iki klubun nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.