18:55 17-12-2010
news_image
1192
STOLÜSTÜ OYUNLAR

Şahmat federasiyası 2010-cu ilə yekun vurub

“Bu il Azərbaycan şahmatında ölkə prezidenti cənab İlham Əliyevin bu idman növünün inkişafı ilə bağlı imzaladığı dövlət proqramının müddəalarına uyğun işlər görülüb. Nəticələrə gəlincə, həm şəxsi, həm də komanda hesabında uğurlar əldə olunub”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov deyib.

2010-cu ilin yekunlarına həsr olunan tədbirdə çıxış edən federasiya başçısı bitməkdə olan ili dəyərləndirib: “Qadın şahmatçıların uğurunu xüsusi qeyd etmək lazımdır. Onlar Rusiyada keçirilən Olimpiadada 3-8-ci yerləri bölüşdülər. Elə yeniyetmələrin də uğurları göz qabağındadır. Onların komandalar arası dünya və Avropa çempionatında 1-ci olması gənc nəslin yetişməsindən xəbər verir. Bu isə o deməkdir ki, gələcək üçün perspektiv var. Şahmatımızın liderləri də arxada qalan ili yaxşı nəticələrlə başa vurdu. Teymur Rəcəbov dünya çempionu adına iddiaçıların oyununa vəsiqə qazandı. Şəhriyar Məmmədyarov isə Mixail Talın xatirəsinə həsr olunan turnirdə parlaq çıxış etdi. Onların hər ikisini iddiaçıların oyunlarında gərgin mübarizə gözləyir. Şahmatçılarımızın uğuru üçün bütün gücümüzü səfərbər edəcəyik. Ümumilikdə arxada qalan ili uğurlu saymaq olar. Çəkilən əziyyətlər öz bəhrəsini verdi”.

Rüstəmov 2011-ci illə bağlı planlardan da danışıb: “Qarşıdakı ildə də dövlət proqramına uyğun fəaliyyət göstərib, Azərbaycan şahmatının imicini daha da qaldırmağa çalışacağıq. İddiaçıların oyunları ilə yanaşı oğlanların Avropa çempionatında titullarını qorumasını gözləyirik. Maddi-texniki bazanın yaxşılaşdırılması yönündə işlər də ön sırada durur. İnanıram ki, Şahmat sarayının təməli 2011-ci ildə qoyulacaq”“”