19:25 17-12-2010
news_image
1857
STOLÜSTÜ OYUNLAR

Elman Rüstəmov: Ümid edirəm ki, onu yenə yığmada görəcəyik - MÜSAHİBƏ

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovun apasport.az saytına müsahibəsi

- Azərbaycan yığmasından ayrılan komandanın kapitanı Zurab Azmayparaşvilini əvəzləyəcək yeni kapitanın adına aydınlıq gəlib?
- Söhbət onun istefasından getmir. O, yarışlar zamanı komandanın yanında olurdu. Qarşıdakı ildə də belə turnirlər olacaq. Həmin vaxtadək bu məsələni həll edəcəyik. Lakin indidən də bu haqda düşünməyə başlamışıq.

- Azmayparaşvilinin yenidən yığmaya qaytarılması mümkündürmü?
- Bu suala cavab vermək çətindir. Lakin hələ vaxtımız var. Bir çox variantlar mümkündür ki, biz də hələ fikirləşirik.

- Bu gün Azərbaycan şahmatının ən yaxşıları mükafatlandırılırdı.Şahmatımızın bütün liderləri tədbirə qatılsa da onlar arasında Vüqar Həşimov yox idi...
- Bu onun Bakıda olmamağı ilə bağlıdır. Vüqarın ailəsi ilə daim əlaqə saxlayırıq. Bilirəm ki, o hazırda turnirdə iştirak edir. Yenə qeyd edirəm ki, o, millinin tam hüquqlu üzvüdür. Ümid edirəm ki, 2011-ci ildə onu yenə yığmada görəcəyik. Komandanın qapıları onun üzünə açıqdır. Bunun üçün Həşimov və komanda üzvləri anlaşmalıdırlar. Biz onu gözləyirik. Azərbaycanda onun səviyyəsində şahmatçı o qədər də çox deyil ki, hansısa kənarda qalsın. Komandalarda müəyyən problemlər olur. Buna istənilən idman növündə təsadüf olunur.

- Vüqar yığmaya qayıdarsa SOCAR klubunda oynaması da mümkündür?
- Təbii ki. Amma biz onun qarşısına şərt qoymuruq. Lakin inanıram ki, Həşimovun komandamızda oynayacaq.

- İddiaçıların oyununda Teymur Rəcəbovun rəqibi olan Maqnus Karlsen qarşılaşmadan imtina edib. Buna münasibətiniz necədir?
- Burada vəziyyət elədir ki. müəyyən prosedur qaydaları var və biz gözləməliyik.Yarışda iştirak etmək istəyənlər dekabrın 22-ə kimi FİDE-yə müraciət edəcəklər. Ondan sonra hər şeyə aydınlıq gələcək. Amma rəqibin dəyişməyinin heç bir rolu yoxdur. Yəni rəqibi seçmək lazım deyil. Biz bilirik ki, Rcəbov oynamalıdır. Teymur çempion olmaq istəyirsə bütün rəqiblərini məğlub etməlidir.