11:47 27-12-2010
news_image
1588
DÖYÜŞ NÖVLƏRİ

Boks üzrə Azərbaycan çempionatına yekun vuruldu

Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş tutan final görüşlərində sensasiya qeydə alınmayıb.

Belə ki, ən yüngül - 49 kq çəki dərəcəsində Salman Əlizadə təcrübəli Elvin Məmişzadəyə uduzub. Avropa çempionatının gümüş mükafatçısı gənc Əlizadəni 7:5 hesabı ilə məğlub edib.

52 kq çəki dərəcəsində dünya birinciliyinin ən texnikalı boksçusu Şaban Şahpələngovun da İlkin Ağayevə qalib gəlməyə təcrübəsi kifayət etməyib və minimal hesabla uduzub. Sinqapur-2010-un gümüş mükafatçısı Elvin İsayev də eyni aqibəti yaşayıb. O, əsas yığmamızın aparıcı üzvü Heybətulla Hacıəliyevdən cəmi 2 zərbə buraxıb.

Sadiq Eynullayev (75 kq) və Emil Məhərrəmov arasında həlledici döyüş isə başa çatdırılmayıb. Məhərrəmov hesabda geridə olarkən (3:9) zədələnib və gümüş medalla kifayətlənib.

Digər çəkilərdə Rəhim Nəcəfov (56 kq), Tamerlan Abdullayev (64 kq), Rahib Bəylərov (75 kq), Vətən Hüseynli (81 kq), Teymur Məmmədov (91 kq) və Fərid Paşayev (+91) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, komanda hesabında “Rabitə” I yeri tutub. “Neftçi” İSM II və “Sədərək” isə III olub.