16:24 28-12-2010
news_image
1762
DİGƏR NÖVLƏR

Azərbaycanda yeni milli komanda

Azərbaycan Atçılıq Federasiyası (AAF) 2010-cu ilə yekun vurub. Apasport.az saytının məlumatına görə, bu gün “Sərhədçi” Olimpiya Mərkəzində keçirilən mətbuat konfransında federasiyanın baş katibi Bəhruz Nəbiyev başa çatmaqda olan ili dəyərləndirib.

Atçılıq növünə diqqətin artdığını bildirən Nəbiyev 2010-cu ilin federasiya üçün uğurlu olduğunu deyib: “Başa çatmaqda olan ildə federasiya atçılığın inkişafına öz töhfəsini verib. Ölkəmizdə bu idman növünə diqqət daha da artırılıb. Bu isə ili uğurlu sonluqla başa vurmağa imkan verir. Əgər 2009-cu ildə ölkəmizdə 2 beynəlxalq yarış keçirmişdiksə, 2010-cu ildə daha 2 beynəlxalq yarış təşkil etmişik. Bu il ümumilikdə isə 13 turnir baş tutub. Yarışların keyfiyyətində artım olub və dünya standartları səviyyəsinə çatdırılıb”.

Nəbiyev 2010-cu ildə milli komandanın formalaşdığını da bildirib: “Atçılıq üzrə yığmanın formalaşdırılması prosesinə 2009-cu ilin dekabrından start vermişdik və bu il yekunlaşdırdıq. Bu yaxınlarda millimizin 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında iştirakına rəsmi icazə verilib. Bu turnir iyulun 9-10-da Almaniyanın Ahen şəhərində təşkil olunacaq. Komandamızın tərkibinə 2 yeni çapar da cəlb etmişik. Belə ki, əvvəlki 3 atçı – Camal Rəhimov, Patrik Mak Enzi və Françesko Franko ilə yanaşı, Hikmət Musayev və Seyid Musayev də yığmamızın heyətində çıxış edəcək. Komandanın formalaşmasını 2010-cu ildə ən böyük nailiyyətimiz kimi dəyərləndirmək olar. Bundan əlavə, şəxsi yarışlarda da idmançılarımız mübarizə aparacaqlar. 14 aylıq müddətdə daha çox xal toplayan atçılar London olimpiadasına lisenziya qazanacaqlar. Bu proses 2011-ci ilin yanvarından 2012-ci ilin martınadək davam edəcək”.

Baş katibin sözlərinə görə, Azərbaycanda atçılıq üzrə mütəxəssislərin sayı da artırılıb: “Federasiyamız mütəxəssis sarıdan çətinlik çəkirdi. Lakin artıq 2 beynəlxalq hakimimiz - mən və Zaur Əliyev 2-ci dərəcəli beynəlxalq hakim dərəcəsinə yiyələnmişik. Beynəlxalq Atçılıq Federasiyasına 2011-ci ildə Baş Assambleyanın keçirilməsi üçün də müraciət etmişik. Bu tədbiri təşkil etməyə daha 3 namizəd var. Yekun qərar isə yanvarın ortalarında veriləcək”.

Daha sonra 2011-ci il planları barədə danışan Nəbiyev Azərbaycanda 3 və 4 ulduzlu yarışların keçiriləcəyini bildirib: “Gələn il üçün geniş planlar hazırlamışıq. 2011-ci ildə Bakıda konkur üzrə 8 beynəlxalq turnir keçirməyi planlaşdırırıq. Bunlar arasında ilk dəfə Bakıda 3 və 4 ulduzlu yarışlar olacaq. Bundan əlavə, 10 yerli turnir də keçiriləcək. İlin 2 ulduzlu ilk beynəlxalq turniri isə 13–16 yanvarda Novxanıda baş tutacaq. Turnirə Azərbaycan, Rusiya, Gürcüstan, Monqolustan, Bolqarıstan və digər Avropa ölkələri qatılacaqlar. Cıdır üzrə isə ümumilikdə 155 min manat mükafat fondu olan 13 yarış təşkil ediləcək”.

Konfransın sonunda atçılıq yarışlarının işıqlandırmasında göstərdiyi fəallığa görə mətbuat orqanlarına xüsusi diplomlar verilib. Onlar arasında apasport.az saytı da olub.

Tahir HÜMMƏTOV