15:55 07-01-2011
news_image
1140
DÖYÜŞ NÖVLƏRİ

“Biz bu yanğını söndürməyə çalışacağıq” - FOTO

WSB liqasında “Baku Fires” klubu növbəti görüşünü yanvarın 8-də Bakıda “Astana Arlans” komandasına qarşı keçirəcək. Apasport.az saytının məlumatına görə, bu gün hər iki komandanın nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. WSB liqasının supervayzeri Cae Kyu Canq döyüş haqda məlumat verdikdən sonra rinqə çıxacaq boksçuların çəkisi müəyyənləşdirilib.

“Astana Arlans” klubunun baş meneceri Bolat Mankenov Bakıda olduğuna görə şad olduğunu deyib. O, Qazaxıstandakı görüşdə məğlubiyyətin təsadüfi olduğunu sübut etməyə çalışacaqlarını vurğulayıb: “Bakı komandası Qazaxıstanda bizi məğlub etməklə “yanğın” törətdi. İndi biz bu yanğını söndürməyə çalışacağıq”.

“Baku Fires”in baş meneceri Rizvan Gənciyev “Astana Arlans”ın heyətində yer alan hər bir boksçunun güclü olduğunu söyləsə də, bu dəfə də qələbə qazanmağa çalışacaqlarını deyib: “Bu bizim üçün çox məsuliyyətli bir döyüşdür. Demək olar ki, qrupun liderini müəyyənləşdirəcək bir görüşdür. Buna qədər bütün qarşılaşmaları qələbə ilə bitirmişik. 2011-ci ilə də qalibiyyətlə başlamaq niyyətindəyik”.

Qarşıdakı görüşlə bağlı proqnoz vermək istəməyən “Baku Fires”in baş məşqçisi Yevgeni Kotov ən ağır çəki dərəcəsində döyüşəcək Məhəmmədrəsul Məcidovdan yenə də qalibiyyət gözləyir: “Bu görüş çətin keçəcək. İstərdim ki, bütün çəkilərdə qələbə qazanaq. Amma bu asan məsələ deyil. Bununla belə, istənilən hesabla qalib gəlmək bizi qane edir. Əbdülhəmidov, Məcidov kimi təcrübəli boksçularımızdan qələbə gözləyirik”.

Xatırladaq ki, Qazaxıstanda keçirilmiş görüşdə “Baku Fires” “Astana Arlans”ı 4:1 hesabı ilə məğlub etmişdi. Komandamız 4 döyüşdən sonra 100 faizlik nəticə ilə qrupun vahid lideridir. “Astana Arlans” isə 2-ci yeri tutur. “Baku Fires” – “Astana” döyüşü sabah saat 19-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində start götürəcək.