23:21 08-01-2011
news_image
1260
DÖYÜŞ NÖVLƏRİ

“Baku Fires”dən növbəti qələbə

WSB liqasında mübarizə aparan “Baku Fires” klubu növbəti görüşünü keçirib. Apasport.az saytının xəbərinə görə, komandamız bu dəfə Qazaxıstanın “Astana Arlans” klubu ilə qarşılaşıb.

Rinqə öncə çəkisi 54 kq olan boksçular çıxdı. Məhəmməd Abdulhəmidov Bağdad Alimbekovla üz-üzə gəldi. Gərgin mübarizə şəraitində keçən döyüşdə “Baku Fires”in üzvü Abdulhəmidov cüzi üstünlüklə qalib gəldi və komandamızı 1:0 hesabı ilə önə keçirdi.

Növbəti döyüş çəkisi 61 kq olan dəri əlcək ustaları arasında keçirildi. Romal Amanov Yerjan Mussafirova ciddi müqavimət göstərsə də, qələbə Qazaxıstan idmançısının tərəfində oldu. Ümumi hesab bərabərləşdi – 1:1. Çəkisi 73 kq olan boksçuların döyüşündə “Baku Fires”in özbəkistanlı legioneri Batırjon Mahmudov Pekin Olimpiadasının qalibi Baxıt Sarsekbayevlə qarşılaşdı. Ancaq Mahmudov daha təcrübəli rəqibinə məğlub oldu.

“Astana Arlans” ümumi hesabda 2-1 önə keçdi. Ramazan Maqomedovun (85 kq) döyüşü komandamız üçün böyük əhəmiyyət daşıyırdı. Onun məğlub olacağı halda, qonaqlar qələbəni rəsmiləşdirəcəkdi. Amma Maqomedov qanalı Maksvel Amponsah üzərində qələbə qazanaraq, ümumi hesabı bərabərləşdirdi, 2:2. Artıq hər şey sonuncu döyüşdə həll olunacaqdı. Məhəmmədrəsul Məcidov (91+kq) Ruslan Mirsatayevə heç bir şans vermədi.

Beləliklə, “Baku Fires” “Astana Arlans”ı 3:2 hesabı ilə məğlub etdi. Beş görüşdən sonra 100 faizlik nəticə göstərən “Baku Fires” qrupun vahid lideridir. Komandamız növbəti döyüşü yanvarın 15-də səfərdə “Beijing Dragons” klubuna qarşı keçirəcək.