17:02 14-01-2011
news_image
1466
DÖYÜŞ NÖVLƏRİ

WTF prezidenti Çunq Vo Ço Kəmaləddin Heydərova təşəkkür edib

Bakıda Avropa və Afrikanın 45-ə yaxın ölkəsindən 97 beynəlxalq dərəcəli hakimin iştirakı ilə London Olimpiadasında yarışları idarə etməyə vəsiqə verən seminar başlanıb. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, seminarı açıq elan edən Ümumdünya Taekvondo Federasiyasının (WTF) Hakimlər Komitəsinin sədri Şakir Çelbat tədbirin yüksək səviyyədə təşkil edildiyini bildirib. Beynəlxalq qurumun rəsmisi ölkəmizdə taekvondonun inkişafında xidmətlərinə və mötəbər tədbirlərin yüksək səviyyədə təşkilinə görə WTF prezidenti doktor Çunq Vo Çonun adından Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərova xüsusi təşəkkürünü çatdırıb.

Sonra ATF-in vitse-prezidenti Fizuli Musayev qonaqları salamlayaraq, idman ölkəsi olan Azərbaycanda belə nüfuzlu tədbir və yarışların keçirilməsinin artıq ənənə halı aldığını qeyd edib. O, ölkə rəhbərliyinin idmana xüsusi önəm verdiyini də diqqətə çatdırıb. Tədbir iştirakçılarına ATF-in xüsusi idman dəsti hədiyyəsi təqdim edib.

Qeyd edək ki, WTF və ATF-nin birgə təşkil etdiyi olimpiada hakimlərinin seçim seminarı kimi mötəbər tədbir respublikamızda ilk dəfədir keçirilir. Seminarın nəzəri hissəsi “Qafqaz Point” mehmanxanasında, praktiki hissəsi isə Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək. Olimpiya hakimlərinin seçimi prosesində referilərin səviyyəsi (klass), son olimpiya dövründə (4 il) iştirak etdiyi beynəlxalq yarışlar, imtahanlarda cavabları nəzərə alınacaq.

Bakıda təşkil edilən mötəbər seminardan seçilən 24 hakim mayda Koreyada olimpiya lisenziyalı dünya çempionatında, iyulun əvvəlində isə yenidən paytaxtımızda olimpiadaya vəsiqə verən beynəlxalq turnirdə bir daha sınaqdan çıxarılacaqlar. Bu proses Panamerika, həmçinin Asiya və Okeaniya zonası ölkələrinin hər bir təmsilçisinə də şamil edilir. Hər ölkə olimpiadada yalnız bir hakimlə təmsil olunacaq. 2012-ci il London olimpiadasında taekvondo yarışlarını idarə etməyə vəsiqə almaq məqsədilə seçim seminarına Azərbaycanın 7 beynəlxalq dərəcəli referisi – Elşən Quliyev, ATF-nin baş hakimi Oh Kvang Cheol, Gunduz Abdullayev, Elşad Məmmədov, Ramal Camalov, Ramal Əsgkərov və Etibar Ibrahimov da qatılacaq ki, onlardan beş nəfəri daha təcrübəlidir. Yanvarın 14-də başlanan beynəlxalq seminar dörd gün davam edəcək.