16:14 15-01-2011
news_image
1120
DÖYÜŞ NÖVLƏRİ

“World Masters”in ilk günü 2 bürünc medal

Bakıda keçirilən usta cüdoçular arasında “World Masters” turnirin ilk günü Azərbaycan idmançıları üçün yekunlaşıb. Apasport.az saytının məlumatına görə, Olimpiadaya lisenziya xalı verən yarışda bu gün tatamiyə çıxan milli komandamızın 6 üzvündən 2-ci çıxışını medalla başa vurub.

Belə ki, Ağayar Axundzadənin yetirmələrindən yığmamızın aktivinə ilk medalı İlqar Müşkiyev yazdırıb. 60 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız ilk 2 mərhələdə Ludvig Paisçer (Avstriya) və Pavel Petrikova (Çexiya) qalib gəlsə də, yarımfinal səddini aşa bilməyib. O, Rusiyanı təmsil edən erməni əsilli Arsen Qalstyana uduzaraq, bürünc medalla kifayətlənib.

66 kq çəki dərəcəsində mübarizə aparan Tərlan Kərimov da usta cüdoçuların turnirini III pillədə başa vurub. O, 1/8 final mərhələsində Miklos Ungvarini (Macarıstan), 1/4 finalda isə Ju-Jin Kim (Koreya) məğlub edib. Təəssüf ki, Kərimovun finala gedən yolunu Rok Draksiç kəsib. Buna baxmayaraq, medal qazanan hər 2 idmançımız aktivinə 160 lisenziya xalı yazdırmağı bacarıb.

Milli komandamızın digər üzvləri – Kifayət Qasımova (57 kq) 1/4 finalda çıxışını dayandırsa da, Renat Mirzəliyev (73 kq), Şahənə Hüseynova (52 kq) və Ramilə Yusubova (63 kq) ilk döyüşlərindəcə uduzublar.

Qeyd edək ki, “Sərhədçi” Olimpiya Mərkəzində keçirilən yarışda sabah daha 4 idmançımız tatamiyə çıxacaq. Olimpiya çempionumuz Elnur Məmmədlinin (81 kq) ilk mərhələdə Sirajudin Məhəmmədovla (Rusiya), Elxan Məmmədov (90 kq) yaponiyalı Dayki Nişiyama ilə qarşılaşacaq. Ağır çəkili cüdoçularımız - Elmar Qasımov (100 kq) Levan Zorzolianini (Gürcüstan), Emil Tahirov (+100) isə Rafael Silvanı (Braziliya) sınağa çəkəcək.