09:22 17-01-2011
news_image
1156
DÖYÜŞ NÖVLƏRİ

“Baku Fires”dən növbəti qələbə

WSB liqasında mübarizə aparan “Baku Fires” zəfər yürüşünü davam etdirir. Apasport.az saytının məlumatına görə, yarışın 6-cı turunda səfərdə “Beijing Dragons” klubunun qonağı olan komandamız rəqibini 3:2 hesabı ilə məğlub edib.

Bu döyüşdə “Baku Fires”in heyətində 2 boksçu – monqolustanlı Tuqsoqot Nayambayar və Rizvan Əlimuradov debüt edib. Komandamıza ilk qələbəni də məhz Nayambayar qazandırıb. 54 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz çinli He Zhiveini məğlub edib. Beş raunddan sonra hakimlərdən ikisi Nayambayarın qələbəsini qeydə alıb.

61 kq çəki dərəcəsində “Baku Fires”in gürcü legioneri Koba Pxakadze Vanq Zhiminlə üz-üzə gəlib. Ancaq dünya çempionatının bürünc mükafatçısı olan Pxakadze o qədər də tanınmayan rəqibinə uduzub. Nəticədə, ümumi hesab bərabərləşib - 1:1. “Baku Fires”in yerli boksçusu Soltan Migitinov (73 kq) yenə də inamlı qələbə qazanıb. Boksçumuz 2-ci raundda Jiao Xuezxini nokauta salıb. 4-cü döyüşdə Rizvan Əlimuradov (85 kq) rəqibin seneqallı legionerini məğlub etdikdən sonra komandamızın qələbəsi rəsmiləşib. Formallığa çevrilən beşinci görüşdə Beka Lobjanidze (91+ kq) Avusone Yekeniyə uduzsa da, bu heç nəyi dəyişməyib. Ardıcıl 6-cı döyüşdə qələbə qazanan komandamız xalını 18-ə çatdırıb.

Qrupun digər görüşündə “Astana Arlans” “İncheon Red Wings”i 5:0 hesabı ilə məğlub edib. Qazaxıstan klubunun 13 xalı var. “Baku Fires” növbəti qarşılaşmada da səfərdə “Beijing Dragons”la üz-üzə gələcək. Komandalar yanvarın 29-da keçiriləcək döyüşə bundan tam fərqli heyətlə çıxacaqlar.

Qeyd edək ki, “Baku Fires” WSB liqasında məğlub olmayan yeganə komandadır. Amerika zonasının lideri “Los Angeles Matadors” və Avropa zonasında 1-ci yeri tutan “Paris United” klubları artıq bir dəfə rəqiblərinə uduzublar.