12:12 17-01-2011
news_image
1516
DÖYÜŞ NÖVLƏRİ

Elxan Məmmədov: Bu uğuru London-2012-də də davam etdirəcəyəm

“Sevincimin həddi-hüdudu yoxdur. Çünki doğma publika önündə mənə bəslənilən ümidləri doğrultdum”. Bu sözləri apasport.az saytına açıqlamasında cüdo üzrə Azərbaycan yığmasının üzvü Elxan Məmmədov (90 kq) deyib.

Bakıda keçirilən “World Masters” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Məmmədov bildirib ki, bu uğur London-2012-nin başlanğıcıdır: “Yarış çox möhtəşəm idi. Buraya planetin ən güclüləri gəlmişdilər. “World Masters”i dünya çempionatı və Olimpiya oyunları ilə eyni səviyyəyə qoymaq olar. Çünki usta cüdoçuların turnirində də seçilmişlər – reytinqləri ən yüksək olanlar mübarizə aparırdılar. Yarışın Bakıda keçirilməsi isə məsuliyyətimi daha da artırmışdı. Lakin məşqlərdə çəkdiyim əziyyətin bəhrəsini gördüm. Döyüşlərim heç də asan keçmədi. Əsas məqsədim lisenziya xallarımı artırmaq idi ki, buna da nail oldum. Turnirdə qazandığım qızıl medal reytinq cədvəlində də irəliləməyimə səbəb olacaq. Bundan əlavə, London Olimpiadasına lisenziya məsələm də həllini tapdı. Bunun yalnız rəsmiləşməyi qalıb. Növbəti yarışlarda isə iştirak edib-etməyəcəyimi məşqçilər korpusu müəyyənləşdirəcək. Çünki lazımı xalları topladığımdan ola bilər ki, yığma ilə məşq edim, lakin lisenziya xalları verəcək yarışlarda iştirak etməyim”.

Öz çəkisində dünya reytinqində 7-ci olan Məmmədovun sözlərinə görə, ən çətin görüşü yunanıstanlı dünya çempionu İlias İliadis ilə olub: “Yarışa yaxşı hazırlaşdığımdan elə də ciddi problemlərim olmadı. Döyüşlərimdən ən çətini isə finala təsadüf etdi. Çünki dünya çempionu İlias İliadis təhlükəli rəqib idi. Amma onu vaxtında ipponla məğlub etməyi bacardım. İliadis mənə dünya çempionatının yarımfinalında işlətdiyi fəndi tətbiq etmək istəsə də, onu qabaqladım. Nəticədə çəkimdə əsas rəqibimlə indiyədək aramızdakı keçirilən döyüşlərin hesabında da onu qabaqladım – 3:2. Artıq Olimpiya oyunlarına hazırlığa başlamaq lazımdır. İnanıram ki, bu uğuru dünyanın ən möhtəşəm oyunlarında da davam etdirəcəyəm”.

Qeyd edək ki, “Sərhədçi” Olimpiya Mərkəzində keçirilən “World Masters” turnirində Azərbaycan yığması 2 qızıl və 2 bürünc medal qazanıb.