16:32 24-01-2011
news_image
1135
DİGƏR NÖVLƏR

Göygöldə Olimpiya İdman Kompleksinin təməli qoyulub

Gənclər və idman naziri Azad Rəhimov Göygöl rayonunda tikiləcək Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində iştirak edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, ilk olaraq nazir rayonda Heydər Əliyevin büstünü ziyarət edib. Daha sonra Azad Rəhimov və Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Olimpiya İdman Kompleksinin təməlqoyma mərasiminə qatılıblar. Arif Seyidov ölkədə idmana yönəldilmiş diqqət və qayğıdan danışıb. A. Rəhimov Göygöl sakinlərini təməli qoyulan yeni idman ocağının inşası münasibəti ilə təbrik edib. Kompleksin təməli qoyulandan sonra layihə ilə tanışlıq olub.

A. Rəhimov jurnalistlərə açıqlamasında bu idman kompleksinin ölkədə sayca 39-cu olduğunu bildirib: “Bu idman komplekslərindən 28-i istifadəyə verilib, 11-nin isə tikintisi davam etdirilir. Mən inanıram ki, qısa bir müddət ərzində analoqu olmayan müasir bu kompleks istifadəyə veriləcək”.

Bu ilin ölkə prezidenti İlham Əliyev tərəfindən “Turizm ili” elan edildiyini xatırladan nazir “biz çox sevinirik ki, həmin bu kompleks tək idman yox həmçinin turizmə qulluq edəcək”, deyə bildirib. Nazirin sözlərinə görə, burada otel və 32 yerlik kotteclər inşa edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Göygöl rayonunda inşasına başlanılan, 9860 kvadratmetr sahəni əhatə edən Olimpiya İdman Kompleksinin 1000 nəfərlik universal idman zalı, idmançıların istirahət otaqları, inzibati otaqlar, üzgüçülük hovuzu, güləş zalı, 2000 nəfərlik stadionu, mini-futbol zalı, voleybol meydançası və 50 nəfərlik mehmanxanası və kottecləri olacaq.