11:19 28-01-2011
news_image
1170
DİGƏR NÖVLƏR

Rusiya, Türkiyə və Ukrayna idmançıları Azərbaycan çempionatına qatıldı

Bu gün Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə buza dırmanma üzrə açıq Azərbaycan çempionatına start veriləcək. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından (AHEİNF) apasport.az saytına verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə birgə keçirəcəkləri yarışda Rusiya, Türkiyə və Ukrayna idmançılarının da mübarizə aparması gözlənilir.

Yanvarın 30-a qədər davam edəcək yarışda AHEİNF-nin “Dağ hazırlığı məktəbi”, Respublika Alpinist Turist Klubu, Bakıdan “Ekosport”, “A+A”, “Climb-club”, “Bakı Dövlət Universiteti”, Memarlıq və İnşaat Universitetinin “Edelveys”, “Qərb Universitetinin idman klubu”, Azərbaycan Turizm İnstitutunun “AMEAST”, Qusardan “Salavat”, “Qusar” və “Zirvə”, İsmayıllıdan “Babadağ” klublarının 60-a yaxın idmançısı iştirak edəcək.

İdmançılar 2 turdan ibarət yarışın yanvarın 29-da keçiriləcək I mərhələsində mürəkkəblik, ertəsi II mərhələdə isə sürət üzrə sınanacaqlar.
Çempionatı idarə edəcək 20 nəfərlik hakimlər dəstəsinə ötən il Rusiyanın Kirov şəhərində Beynəlxalq Dağçılıq Federasiyasının (UIAA) seminarlarında müvafiq UIAA hakim-aspirantı dərəcəsini almış Yevgeniya Nəcəfov Yaqub Əsədov tərəfindən təlim keçirilib.

Qeyd edək ki, ölkəmizdə bu kimi yarışların keçirilməsi gələcəkdə idmançılarımızın buza dırmanma texnikasını təkmilləşdirməyə, müxtəlif ölkələrin bu sahədə təcrübələrini öyrənməyə, eyni zamanda beynəlxalq alpinizm, qayaya dırmanma və buza dırmanma təşkilatları ilə federasiyanın əlaqələrinin daha da genişləndirilməsinə və yarışların beynəlxalq tələblər səviyyəsində keçirilməsinə şərait yaradacaq.