15:30 28-01-2011
news_image
1279
DİGƏR NÖVLƏR

“İnanıram ki, Azərbaycan idmançıları tezliklə beynəlxalq yarışlarda uğur qazanacaqlar”

“Təsəvvür etməzdim ki, Azərbaycanda belə ecazkar yerlər var. Mən buraya məftunam”. Bu sözləri apasport.az saytına açıqlamasında dağ idmanı üzrə türkiyəli məşqçi-hakim Sönməz Erkaya deyib.

Bu gün Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə buza dırmanma üzrə açıq Azərbaycan çempionatına start verilib. Bu yarışın yüksək səviyyədə keçəcəyinə inandığını deyən Erkaya milli komandamızın gələcəkdə uğurlu çıxış edəcəyinə şübhə etmir: “Azərbaycanda çox bacarıqlı idmançılar var. Bunu ötən ilki çempionat da sübut etdi. İnanıram ki, ölkənizin idmançıları tezliklə beynəlxalq yarışlarda uğur qazanacaqlar. Azərbaycanda hava və ekstremal idman növləri ilə məşğul olmaq üçün maddi-texniki baza çox genişdir. Burada həmçinin gözəl təbii imkan da var”.

Türkiyəli mütəxəssisin sözlərinə görə, bu il Azərbaycanda Hava və Ekstremal İdman Növləri federasiyası ilə birgə tədbirlər də keçirəcəklər: “Mənim şəxsi xahişimlə azərbaycanlılar Türkiyəyə də gələcəklər. Bizim Hava və Ekstremal İdman Növləri Federasiyasında qardaş ölkənin idmançıları ilə birgə tədbir keçirmək nəzərdə tutulub. Bu dostluq yarışı olacaq”.

Qeyd edək ki, açıq Azərbaycan çempionatı yanvarın 30-da yekunlaşacaq.

Tahir HÜMMƏTOV