16:49 28-01-2011
news_image
1595
DİGƏR NÖVLƏR

Əsədov: Onlar özlərini yaxşı tərəfdən göstərməyi bacaracaqlar

“Biz iştirak etdiyimiz hər bir yarışda uğur qazanmaq istəyirik. Çünki Hava və Ekstremal İdman Növləri Federasiyasının bizim üçün yaratdığı şəraitin qarşılığını vermək bizim borcumuzdur”. Bu sözləri apasport.az saytına açıqlamasında dağ idmanı üzrə Azərbaycan yığmasının baş məşqçisi Yaqub Əsədov deyib.

Beynəlxalq dərəcəli hakim-aspirant bildirib ki, əvvəllər bu idman növünə maraq az olsa da, son zamanlar maraq artıb: “Federasiyamız yeni təsis olunduğu vaxt idmançılarımızın sayı çox az idi. Lakin aparılan uğurlu siyasət Azərbaycanda hava və ekstremal idman növlərinin populyarlaşması üçün gözəl zəmin yaradıb. İndi 28 klubda 600-dən çox idmançı hazırlıq keçir. Bu iş dayanmadan davam etdirilir. Gənclər bizim sıralarımıza qoşulur, və bu onlarda böyük marağa səbəb olur. İdmançıların seçiminə gəldikdə, burada fərdi keyfiyyətə əsas diqqət yetirilir. Lakin bu prosesdə fiziki güc də mühüm rol oynayır”.

Əsədovun sözlərinə görə, bu gün Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə buza dırmanma üzrə açıq Azərbaycan çempionatında uğur qazanmaq gücündədirlər: “Bu yarışda bizim idmançılarla yanaşı, Rusiya, Türkiyə və Ukrayna idmançıları da çıxış edəcəklər. Komandamız çempionata hazır olduğundan uğurlu iştiraka inanıram. Fikrimcə, yetirmələrim özlərini yaxşı tərəfdən göstərməyi bacaracaqlar”.

Tahir HÜMMƏTOV