17:19 28-01-2011
news_image
2848
DİGƏR NÖVLƏR

Sarvan Rəsulov: Bu il daha çox sürprizlər etmək istəyirik - MÜSAHİBƏ

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (AHEİNF) vitse-prezidenti Sarvan Rəsulovun apasport.az saytına müsahibəsi

- Sarvan müəllim, hava və ekstremal idman növləri Azərbaycanda qeyri-populyar olsa da, federasiyanız təsis olunduğu qısa müddətdə böyük uğurlara imza atıb. Bununla bağlı ətraflı məlumat verməyinizi istərdik...
- Biz yarandığımız qısa müddətdə uğurlu bir yol keçmişik. Federasiyamız 2005-ci ildə təsis olunsa da, bu müddətdən 2009-cu ilin əvvəlinə kimi təşkilatlanma işləri ilə həyata keçirmişik. Tam olaraq fəaliyyətə isə bundan sonra başlamışıq. Biz bir neçə dəfə qayaya və buza dırmanma üzrə yarışlar təşkil etmişik. 2010-cu ildə nailiyyətlərimiz daha çox olub. Ötən ilin əvvəllərində 3 beynəlxalq federasiyanın rəsmi üzvü olmuşuq. Bunlar Beynəlxalq Aviasiya Federasiyası, Beynəlxalq Qayaya Dırmanma Federasiyası və Beynəlxalq Dağçılıq Federasiyasıdır. Bu Azərbaycan idman tarixində ilk dəfə olan bir hadisədir. Lakin bu nə qədər şərəfli olsa da, bir o qədər məsuliyyətlidir. Məsuliyyət ondan ibarətdir ki, biz işlərimizi üzv olduğumuz beynəlxalq təşkilatların tələb və şərtlərinə uyğun şəkildə qurmalıyıq. Yəni bütün tədbirlərimiz beynəlxalq standartlara cavab verməlidir. Buna misal olaraq deyə bilərəm ki, ötən il təşkil etdiyimiz dağa dırmanma üzrə açıq respublika çempionatında bu sınaqdan keçirildi. Burada Cənubi Koreya, Rusiya və Gürcüstan idmançıları da qüvvələrini sınadılar. Bununla da sübut etdik ki, bu idman növü Azərbaycanda qeyri-populyar olsa da, digər ölkələrdən heç də geri qalmırıq. Amma biz çox istəyirik ki, hava və ekstremal idman növləri ölkəmizdə daha da populyarlaşsın. Bundan sonra biz yenə də Azərbaycan tarixində ilk dəfə beynəlxalq standartlar çərçivəsində qayaya dırmanma üzrə respublika çempionatı təşkil etdik. Həmin vaxt Türkiyədən çox təcrübəli 2 mütəxəssis çağırmışdıq. Onlar yarış zamanı keçirəcəyimiz bütün məsafələri beynəlxalq standartlara uyğun qurdular. Bu marşurutlardan 30-40 il yararlana biləcəyik. Həmin yarışa da xarici ölkələr qatıldılar.

- AHEİNF tərəfindən bu yarışlarla bərabər, möhtəşəm tədbirlər də həyata keçirilib. Bunlardan hansını qeyd edə bilərsiniz?
- Böyük tədbirlərimizdən biri “Qızıl Qaya - 2010” dağ festivalıdır. Burada Norveç, Rusiya, Gürcüstan, Türkiyə və Avstraliyadan olan komandalar qüvvələrini sınadılar. Bununla belə biz son 2 ildə 3 böyük ekspedisiya da həyata keçirmişik. 2008-ci ilin sonu 2009-cu ilin əvvəllərində Antarktidaya yürüş etmişik. Federasiyanın üzvləri burada Vinson zirvəsinə və cənub qütbünə kimi gedib çıxıblar. Ulu öndərimiz Heydər Əliyevin məşhur kəlamı “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” və “İlhamla irəli” şüarını oraya sancdıq. 2-ci ekspedisiyamız 2009-cu ildə Afrikanın ən hündür zirvəsi olan Kilimancaroya olub. 7 nəfərdən ibarət nümayəndə heyətinə Alpinizm Federasiyasından da idmançılar cəlb olunmuşdu. Burada Uhura zirvəsinə qalxdıq və Azərbaycan bayrağı ilə bərabər, “İlhamla zirvələrə doğru irəli” şüarını oraya yerləşdirdik. Hələlik sonuncu ekspedisiyamız Cənubi Amerikada olan Akonkaquaya olub. Orada da həmin layihələri həyata keçirmişik. Bu ekspedisiyalar həm siyasi, həm elmi, həm də simvolik əhəmiyyət daşıyır. İdman tərəfi idmançıların oraya qalxmasıdırsa, siyasi cəhəti ilk dəfə azərbaycanlıların oraya yürüş etməsi və bayrağımızın oraya sancılmasıdır. Elmi tərəfi isə getdiyimiz yerlər barədə ətraflı yazılar hazırlamaqdır. Məsələn, Antarktidaya səfərdən 3 cildlik kitab nəşr etdirdik. Bir sıra respublika səviyyəli yarışlarımız da olub. Biz gənclər və yeniyetmələr arasında “Ümid-1” və “Ümid-2” yarışlarını keçirmişik. Bu da Azərbaycanda ilk dəfə olub. Həmin yarışlar gənclərin dərəcə alması üçün çox vacibdir. O cümlədən, hava idman növləri üzrə dəfələrlə paraşutdan tullanma yarışları da keçirmişik.

- Hazırda ölkəmizdə hava və ekstremal idman növlərinin hansıları daha çox yayılıb?
- Azərbaycanda hava və ekstremal idman növləri sürətlə inkişaf edir. Hava idman növlərindən bizdə paraplan (müasir uçuş), moda paraplan, motoplan, deltaplan, motodeltaplan və kartinq bölmələri fəaliyyət göstərir. Ekstremal idman növlərində bizdə əsas çəkini dağ idman növləri tutur. Bunlar qayaya və buza dırmanmadır. Gələcəkdə digər ekstremal idman növlərini də buraya qoşmaq istəyirik. Bundan əlavə, idmançılarımız ekstremal dağ velosipedi ilə də məşğul olurlar. Hazırda moto və avto növləri də federasiyamıza qoşulub. Bu il onlarla birgə bir neçə tədbir planlaşdırırıq.

- AHEİNF-in maddi-texniki bazası barədə nə deyə bilərsiniz?
- Biz bu işə yeni başlasaq da, güclü maddi-texniki bazaya malikik. Məsələn, paraplan üzrə xarici ölkələrin birindən 5 qat dünya çempionunu ölkəmizə dəvət etmişik. Bizim onunla sıx əməkdaşlıq planlarımız var. Biz keçən il Azərbaycanda rekord – paraplanla 70 km məsəfə qət etmişik. Bu inkişaf etmiş ölkələr üçün adi olsa da, bizim üçün böyük uğurdur. Artıq bu növdə idmançılar formalaşırlar. Bu sahədə də işimizi durmadan aparırıq. Çox mükəmməl texniki bazaya malikik. Bizim artıq 3 ən müasir tipli motoplanlarımız var. Sonuncu aldığımız motoplana isə qonşu ölkələr həsəd aparırlar. Konkret olaraq, İran nümayəndə heyəti Azərbaycanda olarkən çox təəccübləndi. Çünki qonşu ölkələrdə bunlar yoxdur. Paraplanlarımız da çoxdur və məşğul olmaq üçün kifayət qədər texnikamız var. Bu məsələni deltaplan idmanına da əlavə etmək olar. Bu idman növündə də biz müasir texnikalara malikik. Moto planlarımız və adi planlarımız var. Bunlar müasir sinfə aiddirlər. Ən inkişaf etmiş ölkələrdə olan motoplanlardır. Düzdür, bəzi sahələrdə texniki problemlərimiz də var. Hazırda keçmiş SSRİ ölkələrindən başqa, heç bir ölkədə günbəzvarı paraşutlarla məşğul olmurlar. Yəni bu çox qədimdən qalma növdür. Biz də son vaxtlara kimi günbəzvarı paraşutlarla məşqlər keçirdik. Onlar isə tam idarə olunmur. Hazırda inkişaf etmiş ölkələr bu növ paraşutlardan imtina ediblər. Bizim federasiyanın balansında 9 ən müasir paraşut olsa da, bunların istifadəsi üçün isə texnikaya ehtiyacımız var. Bununla məşğul olmaq üçün 4000 m məsafədən sərbəst tullanış lazımdır. Hazırda həmin texnikanın alınması istiqamətində işlər aparılır. Tezliklə bu məsələni də həll edəcəyik. Federasiyamızda həmin texnikalardan olsa da, onlar 1000 m və 1500 m məsafəyə qalxırlar. Bu texnikalar yeni paraşutlardan istifadə etməyimizə imkan vermir. Biz hazırda həmçinin, kadr və onun hüquqi bazasını formalaşdırmaq üzərində də işləyirik. Çünki ölkəmizdə bu idman növü ilə 1 neçə il əvvələ kimi məşğul olunmadığından bunun hüquqi bazası yoxdur. Bu sahədə işləyirik ki, hüquqi müstəvidə də məsələni həll edək.

- Yəqin ki, maddi-texniki bazanın gücləndirilməsi ölkədə klubların da sayının artmasına da təkan verib...
- Biz təsis olunanda 4 idman klubu ilə formalaşmışdıqsa, hazırda klublarımızın sayı 28-ə çatıb. Bununla yanaşı, onların coğrafiyası da böyüyüb. Əvvəllər klublar Bakıda idisə, indi bir çox bölgələrimizdə idmanın bu növü ilə məşğul olurlar. Qarşımızda əsas məqsəd kimi Azərbaycanda bu idman növünü daha da inkişaf etdirmək və populyarlaşdırmaq vəzifəsini qoymuşuq. Gənclərimizin beynəlxalq arenaya çıxmasını, burada uğur qazanmasını istəyirik. Bu işin 1 tərəfidirsə, digər tərəfi vətənə layiqli övladlar yetişdirməkdir. Ekstremal idman növləri ilə məşğul olan gənclərdə qorxu hissi olmur. Məncə, biz bu sahələrin hər 2-də istəyimizə nail olacağıq.

- Bəs bu idman növləri ilə məşğul olmaq istəyən gənclər üçün federasiya tərəfindən hansı güzəştlər edilir?
- Klublarımızda hər kəs bu idman növləri ilə məşğul ola bilər. Burada əsas tələb onların sağlam olmalarıdır. Bu növlər risklə bağlıdır. Biz federasiyanın nəzdində artıq 2-ci ildir ki, dağçılıq idman məktəbi də formalaşdırmışıq. Bu məktəb 3 mərhələli kurslardan ibarətdir. İdmançılara əvvəlcə ilkin ibtidai kurs, sonra yetkinləşmiş orta kurs keçilir. Son mərhələdə isə yüksək peşəkarlar hazırlanacaq. Hava idman növlərində də belə məktəb fəaliyyətə başlayacaq. Son sənədləşdirmə işləri gedir ki, bu məktəbi də fəaliyyətə başlasın.

- Bəs üzv olduğunuz beynəlxalq federasiyaların keçirdiyi hər hansısa yarışlara qatılmısınızmı?
- Bizim idmançılarımız ötən il Beynəlxalq Dağçılıq Federasiyasının xətti ilə Rusiyada keçirilən Dünya kubokunun mərhələ yarışlarında qüvvələrini sınayıblar. Bu birinciliyə idmançı yolladıqda bilirdik ki, o ciddi uğur qazanmayacaq. Çünki Azərbaycan tarixində ilk dəfə belə yarışlarda iştirak edirdik. Bunun üçün hələlik yetirmələrimizin yarış təcrübəsi toplaması vacibdir. Dünya kuboku Yevgeniya Nəcəfova və Yaqub Əsədovun beynəlxalq dərəcəli hakim-aspirant dərəcəsi alması ilə də əlamətdar oldu.

- Beynəlxalq Olimpiya Komitəsi 2010-cu ildə Vankuverdə keçirilən Qış Olimpiya Oyunları proqramına qayaya dırmanma növünü daxil etdi. Növbəti Olimpiada isə 2014-cü ildə Soçidə keçiriləcək. İdmançılarımız bu mötəbər oyunlara lisenziya qazana biləcəklərimi?
- Artıq bizim bu növdə idmançı yetişdirməyimiz üçün böyük zərurət yaranıb. Biz Olimpiya Oyunlarında təmsil olunmaq arzusundayıq. Bütün lisenziya xarakterli yarışlarda iştirak edərək Soçiyə yollanmaq istəyirik.

- Ölkəmizdə ənənəsi olmayan bir çox idman növlərində bu arzunu reallaşdırmaq üçün milli komandaya legionerlər cəlb edirlər. AHEİNF də bu yolu tutacaq?
- Səmimi deyim ki, biz legioner gətirmək barədə fikirləşmirik. Yerli idmançımızın olmasını istəyirik. Əsas məqsədimiz budur.

- Bəlkə beynəlxalq federasiya tərəfindən “wild card”a ümid edirsiniz?
- Biz bundan da istifadə edə bilərik. Amma bu gün lisenziyanı özümüz qazanmaq istəyirik. Əgər “wild card”a zərurət yaranarsa, o zaman fikirləşərik. Bu gün buna ehtiyac görmürük.

- Hava və ekstremal idman növləri zamanı təhlükələr qaçılmazdır. Azərbaycanda keçirdiyiniz yarışlar zamanı hansısa bədbəxt hadisələr baş veribmi?
- Bütün idman növləri risklə bağlıdır. Amma biz heç kimi təhlükə ilə üz-üzə qoymuruq. Xüsusi avadanlıqlar almışıq ki, idmançılar yarış vaxtı bundan istifadə edirlər. Bu onların yıxılan zaman müvazinətini saxlamasına imkan verir. Amma yenə də idmançının özündən çox şey asılıdır. Maksimum diqqətli olmalıdır. Bu beynəlxalq yarışlarda da qaçılmazdır. Biz isə buna xüsusi diqqət yetirdiyimizdən hələlik hansısa bədbəxt hadisə baş verməyib. Hər yarışa xüsusi olaraq Tibb İdman Dispanserindən həkimlər dəvət edirik və onları da avadanlıqlarla təmin edirik.

- 2011-ci ilə planlarınız da maraqlı olardı. Bu il idmançılarımızı hansı yarışlar gözləyir?
- Bu il daha çox sürprizlər etmək istəyirik. Bunun üçün bütün yarışlarımızın adını açıqlamaq istəməzdim. Biz inkişaf tempini davam etdirəcəyik. Bu yaxınlarda Federasiyanın idmançıları Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Ağrıdağ”a yürüş edəcəklər. Bu yürüş Türkiyə komandası ilə birgə keçiriləcək. Artıq qrupumuzun hazırlığına başlamışıq. Bu məqsədlə “Tüfandağ”a yürüş etmişik. Bundan əlavə, daha da hazırlıqlı olmaq üçün bir daha oraya yollanacağıq.

Tahir HÜMMƏTOV