11:36 01-02-2011
news_image
1235
DÖYÜŞ NÖVLƏRİ

“İlə uğurla başlamaq istəyirik” - FOTO

“İlin ilk təlim-məşq toplanışını uğurla başa vurduq. Əsasən fiziki hazırlığa fikir verdik ki, bu da əla alındı”. Bunu apasport.az saytına açıqlamasında boks üzrə Azərbaycan yığmasının məşqçisi Nəriman Abdullayev deyib.

Zaqatala toplanışından razı qalan Abdullayev bildirib ki, yeni baş məşqçi Yevgeni Kotov 2011-ci ilin ilk məşqində Azərbaycanın ən güclü boksçularını sınaqdan keçirsə də, hələlik hansısa ciddi dəyişiklik yoxdur: “Boksçuların hazırlığı qənaətbəxşdir. Onlar məşqlərdə özlərini yaxşı tərəfdən göstərdilər. Baş məşq Kotov da bundan razı qaldı. Biz Zaqatalada əsasən ölkənin 1 və 2 nömrələrini yoxladıq. Hazırlıqdan sonra yığmadan kənarlaşdırılan və ya yeni çağırılan boksçu yoxdur”.

Boksçularımız ilin ilk yarışına Macarıstanda çıxacaqlar. Fevralın 9-12-də Debretsendə baş tutacaq beynəlxalq turnirdə 6 boksçumuz qüvvəsini sınayacaq. Abdullayevin sözlərinə görə, yığma 2011-ci ilə uğurla başlamaq arzusundadır: “Boks Federasiyası tərəfindən bizim üçün hər bir şərait yaradılıb. İlin ilk yarışında 6 boksçumuz qüvvəsini sınayacaq. Bütün çəkilərdə idmançı aparmamağımız turnirin təşkilatçılarının cəmi bu sayda idmançı dəvət etməsi ilə bağlıdır. Əgər belə olmasa idi, bütün çəkilərdə təmsil olunacaqdıq. Uğurlu çıxış planlaşdırırıq. İstəyirik ki, 2011-ci ilin ilk yarışına uğurla başlayaq. Düzdür, Macarıstanda dünyanın ən güclüləri mübarizə aparacaqlar. Amma buna baxmayaq, 2 və ya 3 medal qazanacağımıza ümidimiz böyükdür”.

Qeyd edək ki, baş məşqçi Yevgeni Kotov turnirdə son ölkə çempionatının qalibləri – İlkin Ağayev (52 kq), Heybətulla Hacəliyev (60 kq), Sadiq Eynullayev (69 kq), Rahib Bəylərov (75 kq), Vətən Hüseynli (81 kq) və Teymur Məmmədova (91 kq) şans verəcək.