21:12 03-02-2011
news_image
1163
DÖYÜŞ NÖVLƏRİ

Taekvondoçularımız İrandan 7 medalla qayıtdılar

Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan yığması İranda keçirilən beynəlxalq turnirdən Vətənə uğurla qayıdıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Tehranda II beynəlxalq “Kərəmi kuboku”nda qüvvəsini sınayan milli komandamız 7 medala sahib olub. Bütün çəki dərəcələrində döyüşən taekvondoçularımız 1 qızıl, 1 gümüş və 5 bürünc mükafata yiyələniblər.

Yığmamızın üzvlərindən Hüseyn Mehrəliyev (59 kq) yarışın qalibi olmaqla yanaşı, “Ən yaxşı texnikaya görə” xüsusi sertifikata da layiq görülüb. Yalnız həlledici görüşdə məğlub olan Rüfət Allahverdiyev (73 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə komandamıza Elmar Bədəlli (45 kq), Mikayıl Əliyev (51 kq), Məhəmməd Abıyev (63 kq), Vladik Subbotin (68 kq) və Elvin Əliyev (+78 kq) qazandırıb.

Qeyd edək ki, İranın paytaxtında ənənəvi turnirin bu yaş qrupu üzrə yarışlarında 6 ölkədən 15 komandanın heyətində 150-dək taekvondoçu iştirak edib. Gündüz Abdullayevin rəhbərlik etdiyi yığma medal qazanan ölkələr sırasında 2-ci nəticəni göstərib.

Turnirdən sonra isə Azərbaycan və İran taekvondoçuları arasında tam heyətlə yoxlama komanda görüşü də keçirilib.