14:09 14-02-2011
news_image
1430
DÖYÜŞ NÖVLƏRİ

“O məğlubiyyətdən sonra səbirsizliklə rinqə çıxacağım günü gözləyirdim”

“Son döyüşdə kubalı Xuan Pablo Ernandesə uduzdum. O məğlubiyyətdən sonra səbirsizliklə rinqə çıxacağım günü gözləyirdim. Artıq rəqibimin adına aydınlıq gəlib və bu döyüşə hazırlıqlara start verirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında peşəkar boksçumuz Əli İsmayılov deyib.

Növbəti görüşünü martın 11-də polşalı Dmitri Suxotskiyə qarşı keçirəcək İsmayılov bildirib ki, İBO versiyası üzrə baş tutacaq görüşdə əsas məqsədi dünya reytinqindəki yerini qaytarmaqdır: “Mən Ernandesə uduzduqdan sonra reytinqdə mövqeyimi itirmişəm. Bunun üçün polşalı rəqibimlə qarşılaşmada yalnız əvvəlki yerimi qaytarmaq üçün rinqə çıxacağam. Düzdür, hələlik Suxotski barədə ətraflı məlumat toplayıram. Amma bilirəm ki, gəncdir, 26 yaşı var. Çalışacağam ki, ilk növbədə təcrübəmin sayəsində ona öz gücümü göstərəm. Xüsusilə, son döyüşdəki nokautun heyfini çıxmaq qisməti məhz Suxotski ilə görüşə təsadüf edəcək. Bunun üçün mütləq nəyə qadir olduğumu rinqdə göstərməliyəm”.

İsmayılovun sözlərinə görə, polşalı boksçu ilə döyüşə hazırlıq digərlərindən fərqlənməyəcək: “Bu görüşə xüsusi hazırlıq planı olmayacaq. Digər rəqiblərim kimi Suxotski ilə qarşılaşmaya da 2 mərhələdə məşq edəcəyəm. İlk təlim-məşq toplanışı – ümumi fiziki-texniki Bakıda olacaq. Bunun ardınca sınaq döyüşləri keçirmək üçün Rusiyaya yollanacağam. Fikrimcə, bu döyüşlə ötən ilin sonundakı məğlubiyyəti unutduracağam”.