19:20 19-02-2011
news_image
3633
DÖYÜŞ NÖVLƏRİ

Fiasko

Bu gün Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə Qran-Pri turnirinə start veriləcək. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xalları verəcək yarışın ilk günü mübarizəyə milli komandamızın 5 üzvü qoşulacaq.




Kişilər

60 kq
1/32 final mərhələsindən mübarizəyə başlayan İlqar Müşkiyev Almaniya tatamisində cəmi 43 saniyə tab gətirə bilib. Rusiyalı Yevgeni Kudyakovla qarşılaşan yığmamızın ən yüngül çəkili idmançısı rəqibinə ipponla məğlub olaraq, yarışa vaxtından əvvəl əlvida deyib.

66 kq
Tərlan Kərimov çıxışına uğurla başlayıb. O, 1/32 final mərhələsində tunisli Housem Xalfaouiyə 2 vazzari və 1 yuko fəndi ilə qalib gəlib. Təmsilçimiz 1/16 mərhələsində rusiyalı Kamal Xan-Məhəmmədovla qarşılaşıb. Bu rəqibinə qalib gələn Kərimov növbəti cəhddə koreyalı idmançıya uduzaraq, 5-ci yerlə kifayətlənib.

73 kq
Bu çəki dərəcəsində Renat Mirzəliyev debüt görüşündəcə uduzub. O, çinli Qinqdonq Zingin 1 yuko və 1 vazzari fəndi qarşısında aciz qalıb və mübarizəni vaxtından əvvəl dayandırıb.

Qadınlar

57 kq
Yığmamızın lideri Kifayət Qasımova ilk imtahanını braziliyalı Ketlin Quadros qarşısında verib. Bakıda keçirilən “World Masters”də hakimlərin səhvi səbəbindən uduzan xanım cüdoçumuz bu dəfə çıxışına inamla başlayıb. O, Quadrosa 17 saniyəyə ipponla qalib gəlib. Qasımovanın növbəti mərhələdə rəqibi Vesna Dzukiç (Sloveniya) olacaq. 1/4 finalda Kifayətin rəqibi yaponiyalı dünya çempionu Kaori Matsumato olub. Adlı-sanlı rəqibi idmançımız üzərində ipponla qalib gəlib.

63 kq
Bu çəkidə ölkəmizin idman şərəfini qoruyan Ramilə Yusubova (63 kq) ilk mərhələdə qazaxıstanlı Zarina Aldıkova ilə üz-üzə gəlib. Gərgin keçən döyüşdə həmyerlimiz vazzari fəndi sayəsində növbəti mərhələyə vəsiqə qazanıb. O, ikinci qarşılaşmada Vera Kovalın (Rusiya) gücünü yoxlayıb. Lakin bu dəfə rəqib güclü çıxıb. Rusiyalı cüdoçu 46 saniyəyə həmyerlimizi ippon fəndinə salıb.

Qeyd edək ki, Qran-Prinin son günündə Elnur Məmmədli (81 kq), Elxan Məmmədov, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq) və Emil Tahirov (+100) qüvvəsini sınayacaq.