19:17 19-02-2011
news_image
2533
DİGƏR NÖVLƏR

“Ramil Quliyev fəraridir” – MÜSAHİBƏ

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin Lent.az-a müsahibəsi

- Bu yaxınlarda Qazaxıstanda keçirilmiş Asiya Qış Oyunlarında iştirakınız nə ilə əlaqədar idi?
- Asiya Oyunları Postsovet məkanında ilk dəfə idi ki, keçirilirdi. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevi açılış mərasiminə dəvət etmişdi. Prezidentimiz həmin vaxt Davos İqtisadi Forumunda olduğu üçün mərasimə qatıla bilmədi. Ona görə də öz nümayəndələri kimi gənclər və idman naziri Azad Rəhimovla mənə açılışda iştirak etməyi və Qazaxıstan rəhbərliyini bu münasibətlə təbrik etməyi tapşırdı.

- Digər qitələrdən fərqli olaraq, Avropa Oyunları keçirilmir. Avropa Olimpiya Komitəsinin prezidenti (EOC) Patrik Hikki bir müddət öncə Bakıda olduğu vaxt “köhnə qitə”də də belə oyunların reallaşdırılmasının gündəmdə olduğunu bildirmişdi. Bu istiqamətdə hər hansı yenilik yoxdur?
- Hikki bu təşəbbüsü irəli sürdükdən sonra – ötən ilin noyabrında Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa ölkələrinin assambleyasında məsələ yenidən müzakirə olundu. Bütün Avropa ölkələrinə sorğular göndərilib. Hər bir ölkə Avropa Oyunlarının istər təşkilati məsələləri, istərsə də proqramı ilə əlaqədar öz fikrini bildirib. Biz də mövqeyimizi yazaraq, EOC-a göndərmişik. Bütün ölkələrin rəyi toplanıldıqdan sonra öyrəniləcək və yəqin ki, ilin sonunadək yekun qərar veriləcək.

- Hikkinin fikirlərindən belə anlaşıldı ki, o, ilk oyunların Azərbaycanda təşkilinə müsbət yanaşır...
- EOC-un sorğusunda “bu oyunları ölkənizdə keçirmək istərdinizmi?” sualı da qoyulub. Əlbəttə, Azərbaycan da bu oyunları məmnuniyyətlə təşkil etməyə hazır olduğunu yazıb. Lakin bu haqda danışmaq hələ tezdir. Çünki ilk Avropa Oyunlarının baş tutması, yəqin ki, 2015-ci ildən sonrakı dövrə aid olacaq. Bütün sənədlər qəbul olunduqdan, əsasnamə, oyunların ideologiyası və strukturu müəyyənləşəndən sonra təşkilatçı ölkənin seçiminə başlanılacaq. Onun seçim proseduru haqqında da sorğuda suallar qoyulub. Yəni, bütün Avropa ölkələrinin səs verməsi, EOC İcraiyyə Komitəsinin qərarı, yoxsa xüsusi komissiyanın təşkili yolu ilə keçiriləcəyi müəyyənləşəndən sonra seçim olacaq. Fikrimcə, Avropa Oyunları baş tutacaq və yəqin ki, tək illərdə keçiriləcək. Çünki cüt illərdə olimpiadalar təşkil olunur.

- 2020-ci il Yay Olimpiya Oyunlarına təşkilatçılıq etmək istəyən şəhərlərin ərizələrinin qəbuluna bu il başlanılacaq. Bakının da namizədliyini irəli sürəcəyi dəqiqləşib?
- 2011-ci il sentyabrın 1-dən namizədliyin irəli sürülmə proseduruna başlanılacaq. İndiyədək heç bir şəhər rəsmi şəkildə namizədliyini verməyib. Müxtəlif ölkələrdən müxtəlif xəbərlər yayılıb. Yəqin ki, sentyabrda bizim də mövqeyimiz müəyyənləşəcək. Bu məsələ ölkə rəhbərliyi səviyyəsində müzakirə olunduqdan sonra qərar veriləcək və Bakının olimpiadanın təşkilatçılıq hüququ uğrunda mübarizədə iştirak edib-etməyəcəyi sentyabrdan sonra bəyan olunacaq.


- Əvvəllər bildirilib ki, Bakı şəhəri Yay Olimpiya Oyunlarının təşkilatçılıq hüququna yiyələnənədək namizədliyini irəli sürəcək. Bu məntiqlə 2020-ci il olimpiadasına da Bakının iddialı olacağını söyləmək olar?
- Yox, söhbət bundan getmir. Hər şey ölçülüb-biçilməlidir və qərar verilməlidir. “I əməliyyatı” filmində siyahını oxuyurlar. Deyirlər ki, filan yerə-filan yerə kim gedəcək. Biri də hər çağırışda “mən” deyir. Hər dəfə “mən-mən” deməklə deyil. Əlbəttə, bütün bu məsələlər öyrəniləcək, müzakirə olunacaq və qərar qəbul olunacaq. İstanbul da 2012-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürmüşdü və hər olimpiadaya iddiaçı olacağını bildirmişdi. Lakin 2016-cı il olimpiadasına namizədliyini vermədi. 2020-ci il olimpiadasına dair fikirləri isə müxtəlifdir. Görək də... Hələ zamanı yetişməyib. Zamanı yetişəndə qərar veriləcək. Növbəlilik prinsipinə əsasən, bu olimpiada Asiya, Afrika və ya Avstraliyada keçirilməlidir. Ona görə də 2020-ci il olimpiadasının Avropa qitəsində təşkil ediləcəyi mütləq deyil.

- Azərbaycanlı sprinter Ramil Quliyev milli komandamızda çıxış etməkdən imtina edib. O, yığmamıza hazırkı məşqçilər heyətinin və federasiya prezidenti Çingiz Hüseynzadənin istefası təqdirində qayıdacağını bildirib...
- Bilirsiniz, bu məsələnin medianı bu dərəcədə maraqlandırmasının səbəbini başa düşmürəm. Bu insan qaçıb gedib. Fəraridir. Qaçan adam özünə haqq qazandırmaq üçün nə istəsə, deyə bilər. O, Bakıda olanda bu məsələləri demirdi, narazılığını bildirmirdi. Bakıda olduğu vaxt ən son müraciəti Türkiyənin “Fənərbağça” klubunun adından çıxışına icazə istəməsi oldu. Müraciətinə razılıq verildi. Özü Türkiyəyə getməmişdən öncə ora ailəsi – anası və qardaşı, hətta şəxsi məşqçisi Oleq Muxin köçüb. Yəni, bu, əvvəlcədən planlaşdırılmış bir iş idi. Gedən kimi də ərizə yazıb müraciət edərək vətəndaşlığını dəyişmək istəyib. Bu, nə deməkdir?

- Bəlkə Türkiyə Atletika Federasiyası Ramil Quliyevin başını tovlayıb?
- Xeyr. Türkiyə variantı olmasaydı, başqa ölkələrin təkliflərini qəbul edəcəkdi. Bizdə olan məlumata görə, o, Rusiya ilə də danışıqlar aparıb. Bir sözlə, bu adam Azərbaycandan qaçmaq istəyib. Səbəbini Allah bilir. Bu adama ölkəmizdə atletlər arasında ən çox diqqət yetirilirdi. Farmakologiyası, yarışları, məşqləri və toplanışları yüksək səviyyədə idi. Bakıda olduğu vaxt heç bir narazılıq bildirmirdi. Lakin indi məlum olur ki, bu adamın hələ çoxdan Azərbaycandan köçüb-getmək, başqa yerdə yaşamaq arzusu olub. Arzusunu həyata keçirdi. İndi isə özünə haqq qazandırmaq üçün istənilən şeyi deyə bilər.

- Hətta Sizin istefanızı da tələb edə bilər?
- Məncə, bu, onun öz ağlının məhsulu deyil. Onunla qaçan məşqçisi var, qohumları oradadırlar. Türkiyə tərəfdən kimsə onu hər hansı formada qıcıqlandıra, nə isə deyə bilər. Dediyi sözlər isə mənim üçün heç bir əhəmiyyət daşımır. Hesab edirəm ki, ümumiyyətlə, məsələni bu dərəcədə şişirtməyin əhəmiyyəti yoxdur. Yenə deyirəm: Bu adam sadəcə, fəraridir. Bu adam əsgərlikdə qulluq etməlidir. Ola bilər ki, bu, gözünün qabağına gəlib və qaçıb. Bu adam təhsil aldığı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını atıb-qaçıb. 4-cü kursda təhsil aldığı halda, qış semestr imtahanlarını verməyib. Gəlib xahiş etsin ki, buna icazə verək, gedib Türkiyə klubunda çıxış etsin, sonra da Azərbaycan yığmasından imtina etsin. Bunlar əvvəlcədən planlaşdırılmış işlər idi. Bir əsas məqam da var ki, bu adam Türkiyəyə yollandığı 2010-cu ildə Azərbaycan yığmasının heyətində bir rəsmi yarışda belə iştirak etməyib. Müxtəlif bəhanələr gətirib. Əsasən, sağlamlığından şikayətlənib. Sonradan isə onun kommersiya yarışlarında iştirak etməsindən xəbər tutmuşuq. Bakıda ola-ola Avropa çempionatından imtina edib, lakin bir həftə sonra kommersiya turnirlərinə qatılıb. Bu da onun bir ölkə yığmasından digərinə keçmək üçün Beynəlxalq Olimpiya Komitəsinin qoyduğu ən azı 3 illik fasilə müddətini daha tez başa vurmaq istəyini sübuta yetirir.

- Artıq Ramil Quliyevdən imtina etdiyinizi demək olar?
- O, qayıtsa da, qəbul etməyəcəyik. Bu adam qaçıb, fəraridir. Fərari ilə nə etmək olar? Hara qayıdır o? Bilir ki, qayıtsa, əsgərliyə getməlidir.

- Hər halda dünya çempionatında Useyn Bolt və digər məşhur sprinterlərlə mübarizədə 7-ci yer heç də zəif nəticə deyil. Dünyada belə atletlər hərtərəfli təmin olunurlar. Ramil Quliyevin təminatı hansı səviyyədə idi?
- O da Bolt kimi, kommersiya yarışlarında iştirak edirdi. Qazandığını da özü götürürdü. “Neftçi”dən maaş, Milli Olimpiya Komitəsindən təqaüd alırdı. Bütün farmakoloji xərclərini federasiya çəkirdi, mükafatlar verirdi. Azərbaycanda heç bir idmançının almadığını o, alırdı. Türkiyədə isə ona yalnız “Fənərbağça” klubu pul verir. Özü də hər startına 5000 dollar. Azərbaycanda o dərəcədə imkanlı klub yoxdur. Lakin çıxış etdiyi bütün yarışlardan qazandığını özü götürürdü. Federasiyaya, məşqçisinə vermirdi ki... Heç onun nə qazandığından da xəbərimiz yox idi. Bu, məni heç maraqlandırmırdı da. Nə qədər qazanır-qazansın, özü bilər. Özünün pul qazanmasına rəğmən, təhsil haqqını federasiyamız ödəyirdi. Şəxsən mən ildə 300 manat akademiyaya ödəyirdim. Heç öz gücünə ali məktəbə daxil ola bilməmişdi. İmtahandan minimum 100 bal toplamalı olduğu halda cəmi 7 bal yığmışdı. Onun perspektivli idmançı olduğunu nəzərə alaraq, məktublar yazdıq, xahiş etdik ki, akademiyaya qəbul etsinlər. Nəticədə bal toplaya bilmədiyi üçün pullu fakültəyə qəbul etdilər. İndi də durub bu məsələ ətrafında ajiotaj yaratmaq lazım deyil. O, göydən düşməmişdi, Azərbaycanda yetişmişdi, azərbaycanlı məşqçilər yetişdirmişdi. Yenə ölkəmizdə yeni, ondan da yaxşı idmançılar yetişəcək. Allah qoysa, daha güclü atletlərimiz olacaq. Amma bir adam ki, qaçmaq istəyir, onu zorla saxlamağın adı yoxdur.

- Ramil Quliyev deyib ki, atası və şəxsi məşqçisi Eldar Quliyevin infarkt keçirərək ölməsində də ona göstərilən haqsızlıqların rolu olub...
- Danışır da... Nə istəyirsə, danışacaq. Bəlkə də atasının ölümünü gözləyirdi ki, Türkiyəyə qaçsın. Amma atası sağ olsaydı, onu ölkədən getməyə qoymazdı. Rəhmətlik Eldar Quliyevlə heç bir problemimiz yox idi. Bütün təlim-məşq toplantıları və yarışlara o, oğlu ilə birgə yollanırdı. İkisinin də xərcini biz çəkirdik.

- Bu yaxınlarda şahmatçımız Vüqar Həşimovla da bağlı problem yaranmışdı. Həşimov onunla Teymur Rəcəbov arasında ayrı-seçkiliyə etiraz edirdi. Yüksək səviyyəli idmançılarımızın azlığını nəzərə alaraq, məsələyə bu prizmadan yanaşmaq olarmı ki, onları belə asanlıqla itirmək olmaz?
- Bu gün bütün idman növlərində əcnəbilər Azərbaycanda çıxış etmək istəyirlər. Məsələn, dünyanın ən güclü qadın voleybolçuları ölkəmizin klublarında cəmləşib. Amma yenə də bizim idmançılar arasında hansısa narazılığın baş verməsi mümkündür. Şəxsi münasibətlərdən yaranan məsələləri ümumi idmanın inkişafında gedən proseslərə qatmaq olmaz. Şəxsi zəmində çox şey yaratmaq olar. İdmançı məşqçi ilə, öz həmkarı ilə yola getməyə, federasiyadan, nazirlikdən narazı ola bilər. Amma idmançının vətənini atıb getməsi tam başqa şeydir.

- Bəs belə narazılıqları olsa, ayrı-seçkilikdən şikayətlənsələr və onları eşidən olmasa, nə etməlidirlər?
- Mən də belə narazılıqlar eşidirəm. Bir valideyn gəlir ki, oğlum yaxşı futbolçudur, komandaya götürmürlər, sıxışdırırlar. Mən onlara bir şeyi deyirəm: “Bu gün Azərbaycanda məşqçilər, federasiya rəhbərləri çıraqla yaxşı idmançı axtarırlar, xeyli pul xərcləyərək, xaricdən idmançı gətirirlər. Mənim öz idmançım olsa, onu itirməyə, xeyli pul xərcləyib, kənardan idmançı gətirməyə razı olaram?” Məntiqlə düşünmək lazımdır da... Demək, bu, sənin şəxsi ambisiyandır. Futbol oynayırsan, hamıdan yaxşı çıxış edirsən, amma səni heyətə salmırlar. Söz-söhbət yaranır, siz də yazırsınız. Vüqar Həşimovla Teymur Rəcəbovun hər biri yüksək səviyyəli, dünyada tanınmış şahmatçıdır. Aydın məsələdir ki, bunların arasında rəqabət var və olacaq. Yüzlərlə belə misal göstərmək olar. Bu rəqabət vaxtı biri hiss edir ki, ona özündən yaxşı baxırlar. Bu situasiyanı başqa cür də həll etmək olar. Əgər kimsə sənə başqa cür yanaşırsa, yerindəcə yoluna qoymalısan.

- Hansı formada?
- Hamı necə, sən də elə. Ümumi qaydalarla yaşamalısan. Axı səni nəyə görə istəməməlidirlər? Kim istər ki, Vüqar Həşimov Azərbaycanı tərk etsin? Vüqar qələbə qazananda hamı sevinirdi. Onun pisliyini heç kim istəmir. Ola bilsin, Rəcəbovla nə isə şəxsi məsələləri var. Bu, olacaq. Həmişə olub. Bütün dünyada olub. Yadımdadır ki, Vasili Smıslovla Mixail Tal və Mixail Botvinnik düşmən idilər. Bu da normaldır. Rəqabət gedir də... Amma əlbəttə, burada müəyyən hədlər var. Federasiya isə münaqişədə olan idmançıları razı sala bilmirsə, ikisindən birinin tərəfini saxlamalıdır. Yaxud da şərait elə gətirə bilər ki, ikisi də qovulsun. Bunu Həşimovla Rəcəbova aid etmirəm. Lakin Vüqar Həşimovla Ramil Quliyevin məsələlərini eyniləşdirmək olmaz. Hafiz Süleymanov adlı ağırlıqqaldıran var idi. 1989-cu ildə SSRİ yığmasının tərkibində dünya çempionatına yollandı. Çempion oldu. Amma vətənə qayıtmadı. Bolqarıstana, oradan da Türkiyəyə yollandı. Süleymanovu SSRİ-də bütün adlardan, mükafatlardan məhrum etdilər, neçə adamı işdən çıxardılar. Sonra elə oldu ki, dövran dəyişdi, SSRİ dağıldı, yenə hər şey öz yerinə qayıtdı. Dövran dəyişməsəydi, Hafiz Süleymanov bu gün də satqın və fərari sayılacaqdı. Yaxud Naim Süleymanoğlu Bolqarıstandan Türkiyəyə qaçdı. O, Bolqarıstanda pis münasibətdən şikayətlənmirdi. Sadəcə, türk olduğunu deyirdi. Ramil Quliyev də heç olmasa, Türkiyəyə gedəndən sonra türk olduğunu desəydi, yenə başa düşmək olardı. Amma axı Quliyevdə türk qanı yoxdur.

- Niyə?
- Var, amma müəyyən qədər. Ad və soyadca azərbaycanlı olsa da, ilk yarışına 13-14 yaşında ikən Azərbaycanda yaşayan rus diasporunun komandasında çıxıb. Atası azərbaycanlıdır, anası isə başqa millətdəndir.

- 2012-ci il London Yay Olimpiya Oyunlarına ilyarım vaxt qalsa da, Üzgüçülük, Velosiped İdmanı federasiyalarında prezident yoxdur, Həndbol, Basketbol, Reqbi Federasiyalarında maliyyə problemləri var. Bu məsələlər nə zaman həllini tapacaq?
- Biz hər şeyi inzibati yolla həll edə bilmərik. Hər şey öz-özlüyündə həll olunmalıdır. Başa düşürəm, Üzgüçülük Federasiyasının prezidenti yoxdur. Amma axı bizdə üzgüçülük hovuzları da yoxdur. Bu idman növü ölkəmizdə həddən artıq zəif inkişaf edib, demək olar ki, inkişaf etməyib. Üzgüçülüyü inkişaf etdirmək üçün federasiya prezidenti seçkisindən də önəmli məsələ onun infrastrukturunu yaratmaqdır.

- Amma federasiya prezidenti seçilməlidir ki, həmin növ də inkişaf etdirilsin...
- Gərək ora rəhbərlik etmək istəyən şəxs olsun da... Digər federasiyalara prezidentlər öz istəkləri ilə gəliblər. Başdan-ayağa təyin edilmə məsələsi olmayıb. Biz bir dəfədən bütün idman növlərini inkişaf etdirmək iqtidarında deyilik. Bu, çətindir. Bizim lazımi infrastrukturumuz yoxdur. Heç bir federasiya prezidenti Bakı şəhərində 50 metr uzunluğunda hovuz kompleksi tikmək iqtidarında deyil. Onu dövlət etməlidir. Ya da gərək çox irimiqyaslı biznesmen olasan. Dövlət 2011-2012-ci ildə Bakıda böyük üzgüçülük kompleksi tikməyi planlaşdırıb. Bu idman növünün inkişafı üçün infrastruktur olandan sonra hansısa mütəxəssis federasiyaya rəhbərlik edə bilər. Velosiped İdmanı Federasiyasının vəziyyətinin ağır olduğunu da başa düşürəm. Bunun səbəbi isə bizdə velodromun, lazımi infrastrukturun olmaması ilə əlaqədardır. Dövlət yeni velodrom tikintisi də planlaşdırıb. Bu məsələ də həllini tapdıqdan sonra federasiyanın fəaliyyəti aktivləşəcək. Qalan federasiyalardakı vəziyyət isə məncə, sizi qane etməlidir.

- Necə qane edə bilər ki, həndbol yığmamız və klublarımız vaxtilə yüksək hədəflər uğrunda mübarizə apardıqları halda, indi bütün görüşlərində uduzur. Vaxtilə yaxşı basketbol komandamız olduğu halda, indi klublarımız oynamağa zal tapmır...
- 1960-cı illərdə Azərbaycanda basketbol, futbolun vəziyyəti yaxşı olub, amma güclü boksçu, cüdoçu olmayıb. İndi o illərdə oynanılan futbolun 1/10-i yoxdur. Düzdür, komanda idman növləri vaxtilə fərdi növlərdən güclü olub. Keçmiş SSRİ yığmasının tərkibində olimpiya medallarımız da daha çox komanda növlərindən olub. Çünki Azərbaycan komandası SSRİ çempionatında çıxış edirdi. Amma indi həndbol, basketbol üzrə Azərbaycan çempionatları lazımi səviyyədədirlərmi? Şükür Allaha, yalnız qadınlar arasında voleybol çempionatı lazımi səviyyədə keçirilir və bu idman növünün inkişafını görürük. Bütün bunlar sadə məsələlər deyil, hansısa məmurun, idarənin istəyi ilə həyata keçirmək olmaz. Hər şeyin şəraiti yetişməli, mühiti olmalıdır. Müxtəlif dövrlərdə müxtəlif idman növlərinə həvəs artır. Bu gün küçələrimizdə rolikli konkisürənləri görürəm. Onlar heç bir federasiyaya daxil deyillər, rolikli konkisürmə olimpiya növü də deyil. Amma gənclərin marağı var və onlar bu növlə məşğul olurlar. Biz o uşağı oradan çıxarıb klassik idman növü ilə məşğul olmağa apara bilmərik. Bu günün marağı belədir.

- Yəni, sadalanan federasiyalarda yaxın vaxtlarda hər hansı dəyişikliyin edilməsi gözlənilmir?
- Bu, federasiyaların daxili işləridir. Biz müdaxilə edə bilmərik. Biz onlardan tələb edirik ki, işlərini yaxşılaşdırsın. Bacardığımız köməyi də edirik. Amma federasiyalar öz işlərini özləri yoluna qoymalıdır.