13:39 21-02-2011
news_image
2633
DÖYÜŞ NÖVLƏRİ

“Hayrapetyanı məğlub etməyə borclu idim”

“Çox gərgin turnir idi. Bu yarışda Azərbaycan bayrağını yüksəklərə qaldırdığım üçün xoşbəxtəm”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının boksçusu Tamerlan Abdullayev deyib.

Bolqarıstanda ənənəvi “Strandja” turnirində 64 kq çəkili idmançıların mübarizəsində bürünc medal qazanan boksçumuz bu uğuru davam etdirmək arzusundadır. Abdullayev bildirib ki, tezliklə qazandığı bürüncü qızıl medala çevirəcək: “Yığma komandada güclü rəqabət var. Yeni baş məşqçi Yevgeni Kotovun rəhbərliyi altında yaxşı hazırlıq keçirik. Bunun nəticəsində də Bolqarıstanda fəxri kürsüdə yer ala bildim. Finala da yüksələ bilərdim. Lakin yarımfinalda dünya və Avropa çempionatının mükafatçısı Aleksandr Klyuçkoya təcrübə baxımından uduzdum. Rəqib 7:4 hesabı ilə qələbə qazansa da, məşqçilər döyüşümü bəyəndilər”.

Abdullayev 1/4 finalda Ermənistan boksçusu Volodya Hayrapetyan üzərində inamlı qələbə qazanıb. Hətta düşmən ölkə idmançısı təmsilçimizin zərbələri qarşısında tab gətirməyərək, döyüşü davam etdirməkdən boyun qaçırıb. Tamerlanın sözlərinə görə, rinqə çıxarkən həyəcanlansa da, qalib gələcəyinə əmin imiş: “Düzdür, bir qədər həyəcan hissi keçirirdim. Lakin bu döyüşə 100 faizlik qələbə üçün çıxmışdım. Məsuliyyətimi dərk edirdim. Formamda Azərbaycan bayrağı var idi və buna görə də Hayrapetyana gücümü göstərdim. Onunla görüşüm elə də çətin alınmadı. Zərbələrim qarşısında tab gətirə bilmədi və texniki qələbə qazandım. Onu məğlub etməyə borclu idim. Rəqibi məğlub etməkdə komandamızın kapitanı, təcrübəli Emil Məhərrəmovun da danılmaz rolu oldu”.

Boksçu bildirib ki, əsas məqsədi Bakıda keçiriləcək dünya çempionatında London-2012-yə lisenziya qazanmaqdır: “Hazırda əsas məqsədim paytaxtımızda olacaq mundialda qələbə qazanaraq, Olimpiadada iştirak hüququna yiyələnməkdir. Bunun üçün bütün gücümdən istifadə edəcəyəm. Fikrimcə, arzuma çatacağam. Bundan sonra isə Londandan Bakıya Olimpiya çempionu kimi qayıtmaq istəyirəm”.