11:45 23-02-2011
news_image
1365
FUTBOL

Böyük həyəcan, böyük bayram!

Sabah ölkəmizdə növbəti böyük beynəlxalq yarışın startı veriləcək. Apasport.az saytının məlumatına görə, fevralın 24-dən 27-dək Bakı İdman Sarayında futzal bayramı olacaq.

2012-ci il Avropa çempionatının əsas seçmə mərhələsinin oyunları ilk dəfə ölkəmizdə keçiriləcək. Azərbaycan futzal yığması ardıcıl 2-ci dəfə final mərhələsinə çıxmaq üçün mübarizə aparacaq.

Sözsüz ki, qrupda əsas rəqibimiz İspaniya millisidir. İspanların son Avropa çempionu olduğunu nəzərə alsaq, futzal tariximizdə indiyədək belə titullu komanda ölkəmizə gəlməyib.

İspanlarla görüş qrupda son oyunumuzdur və bunadək Qazaxıstan və Fransa ilə vacib matçlara çıxacağıq. Bu görüşlərdə qələbə final mərhələsinə çıxmaq şansımızı artıracaq. Reqlamentə görə, seçmə mərhələlərdə olan 6 qrupun qalibləri birbaşa vəsiqə qazanır. 2-ci yerləri tutan 6 yığmadan isə 5-i bu vəsiqəyə sahib çıxır.

Deməli, 2-ci yeri tutmaq final mərhələsində iştirakımızı böyük ölçüdə həll edir. Hər halda, evdə oynasaq belə, qrupumuzun aşkar favoriti olan İspaniya ilə 1-ci yer uğrunda mübarizədə qalib olmaq çox çətindir.

Yığmamız bu məsul turnirə hazırlıq çərçivəsində Bakıda beynəlxalq turnirin qalibi olub. Ötən il komandamız qrupda məhz ən yaxşı 2-ci kimi final mərhələsinə çıxdı. Macarıstanda keçirilən həmin yarış futzal tariximizdə böyük zəfər oldu. Belə ki, millimiz 4-cü yeri tutmaqla, Avropanın ən güclü komandası arasına düşdü.

Qeyd edək ki, bu dəfə final mərhələsi gələn il Xorvatiyada keçiriləcək və sonuncu 12-ci komanda meydan sahibi olacaq.

24 fevral
18:30. İspaniya – Fransa
21:00. Azərbaycan – Qazaxıstan

25 fevral
18:30. Qazaxıstan - İspaniya
21:00. Azərbaycan – Fransa

27 Fevral
18:30. Fransa – Qazaxıstan
21:00. İspaniya – Azərbaycan