17:18 23-02-2011
news_image
1422
DİGƏR NÖVLƏR

Son 500 gün

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi 2012-ci ildə Londonda keçiriləcək Olimpiya və Paralimpiya oyunları çərçivəsində “Son 500 gün” adlı kampaniyaya start verir. Səfirlikdən APA-ya verilən məlumata görə, kampaniya çərçivəsində Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birgə tədbirlər nəzərdə tutulub.

23 fevral – 10 mart tarixləri arası Britaniya səfirliyi Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə birgə onlayn müsabiqə təşkil edir. Səfirliyin internet səhifəsində (www.ukinazerbaiyan.fco.gov.uk) və www.olimpiya.az saytında yerləşdirilən 15 sualın cavabını [email protected] elektron ünvanına göndərən ilk 3 iştirakçıdan biri Londonda keçiriləcək Olimpiya oyunlarda iştirak etmək üçün 2 pulsuz bilet və Londona “British Midland International” (BMI) şirkətindən 2 aviabilet qazanacaq.

Səfirlik həmçinin 5 mart - Bədən Tərbiyəsi və İdman Günündə Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birgə dənizkənarı parkda qaçış təşkil edəcək. Tədbirdə 500 nəfərin iştirakı nəzərdə tutulub.

Bundan əlavə, Britaniya səfirliyi və “British Council” 5-14 mart tarixlərində Bakıdakı 10 orta məktəbdə 8-13 yaş qrupu uşaqlar arasında olimpiya festivalı keçirəcək.

Hər üç tədbirlə bağlı qaliblər martın 14-də Bakı Biznes Mərkəzində keçiriləcək tədbirdə mükafatlandırılacaq.

Xatırladaq ki, 2012-ci il Olimpiya və Paralimpiya oyunları iyulun 27-dən avqustun 12-dək və avqustun 29-dan sentyabrın 9-dək Londonda keçiriləcək.