12:43 28-02-2011
news_image
1692
DÖYÜŞ NÖVLƏRİ

Millimizin baş məşqçisi: Bu, əla göstəricidir

“Fəcr” turnirini kiçik dünya çempionatı da adlandırmaq olar. Çünki bu yarışda dünyanın aparıcı ölkələri mübarizə aparırdılar”. Bu sözləri apasport.az saytına açıqlamasında taekvondo üzrə Azərbaycan yığmasının baş məşqçisi Ələkbər İmaməliyev deyib.

İranda keçirilən beynəlxalq turnirdə taekvondoçularımız 1 gümüş və 5 bürünc medal qazanıblar. İmaməliyevin sözlərinə görə, 12 ölkənin qatıldığı yarışda bu çox yüksək göstəricidir: “Yetirmələrimin çıxışından razı qaldım. Biz bu turnirdən indiyə kimi belə nəticə ilə qayıtmamışdıq. Həmişə 2 və ya 3 medal qazanırdıq. Bu dəfə isə bunların sayı 6 oldu. Bu, əla göstəricidir. Hələ daha çox medal qazana bilərdik. İranlılarla mübarizədə 1 neçə dəfə haqsızlıqla qarşılaşdıq. Lakin gənclərdən qurulmuş yeni heyətin belə uğurlu çıxışı gələcək nailiyyətlərimizdən xəbər verir. Düzdür, arzulayırdım ki, bu dəfə 1 qızıl medal qazanaq. Amma alınmadı”.

İranda 13 idmançı ilə qüvvəsini sınayan milli komandamızın heyətində gənc taekvondoçularımız medal qazanıblar. Lakin təcrübəli təmsilçilərimiz – Rəşad Əhmədov və Təvəkkül Bayramov Vətənə medalsız qayıdıblar. Baş məşqçi İmaməliyev onların yarışda fərqlənə bilməməsinə münasibət bildirib: “Bu dəfə təcrübəli idmançılarımız öz sözlərini deyə bilmədi. Əhmədov zədədən əziyyət çəkir ki, bu da yarışlarda özünü göstərir. O, son dəfə 2009-cu ildə dünya çempionatında bürünc medal qazanıb. Bundan sonra isə zədələr ondan əl çəkmir. İrana yollanmazdan öncə də cəmi 1 həftə məşq etdi. Amma hiss olunur ki, irəliləyiş var. Bayramova gəlincə, “Fəcr” turnirində uğur qazanmasa da, həmişə gözlənilməz vaxt nəticə verməyi bacarır. Fikrimcə, Təvəkkül yığmaya həmişə güc qata bilər”.

İmaməliyevin sözlərinə görə, lisenziya turnirlərində iştirak edəcək yığmanın formalaşmasında da beynəlxalq turnirlərdə fərqlənən və özünü yaxşı tərəfdən göstərən taekvondoçulara yer veriləcək: “Olimpiadaya seçim turnirlərində belə yarışların rolu olacaq. Çünki hazırda ciddi rəqabət var. Məsələn, Rəşad Əhmədovun çəkisində (80 kq) Ramin Əzizov və İranda fərqlənən Bayraməli Vəliyev çox güclüdür. Lakin bunlar arasında seçim edərkən 2 məsələyə diqqət yetirəcəyik. Əvvəlcə bunlar arasında yoxlama döyüş keçiriləcək və sonra onların beynəlxalq turnirlərdə göstərdiyi nəticə, topladıqları reytinq xalına nəzər yetirəcəyik. 87 kq çəki dərəcəsində qüvvəsini sınayan Təvvəkkül Bayramovun da çəkisinin aşağı salması mümkündür. Demək olar ki, bir neçə çəkidə belə rəqabət var. Bunun üçün ölkəmizi ən güclülər lisenziya yarışlarında təmsil edəcəklər”.

Qeyd edək ki, “Fəcr” turnirində Rövşən Məmmədov (63 kq) gümüş, Samir Cavadlı (58 kq), Ziya Qasımov (63 kq), Namaz Heydərov (74 kq), Bayraməli Vəliyev (80 kq) və Ceyhun Həsənli (87 kq) bürünc medal qazanıblar. Azərbaycan yığması isə komanda hesabında III yeri tutub.